AZ

Televiziya məzmununda dəyişikliklər uşaqların inkişafına müsbət təsir edə bilər

Son dövrlərdə televiziya məkanında aparılan dəyişikliklər, xüsusilə bəzi şou xarakterli proqramların efirdən çıxarılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bu prosesi daha çox təlim-tərbiyə və inkişaf baxımından qiymətləndirirlər.


Uşaq inkişafı üzrə ekspert, həkim Ülviyyə Mirzəyeva televiziya məzmununda baş verən dəyişiklikləri müsbət tendensiya kimi qiymətləndirib.

O QHT.az-a açıqlamasında bildirib ki, uzun müddət efirdə üstünlük təşkil edən bəzi şou proqramlarda emosional gərginlik, şəxsi həyatların açıq şəkildə nümayişi və etik çərçivələrin pozulması halları geniş auditoriyaya, xüsusilə də gənc nəslə birbaşa təsir göstərirdi. Bu isə maarifləndirici və inkişafyönümlü məzmunun arxa planda qalmasına səbəb olurdu.

Ekspertin sözlərinə görə, bu tip verilişlərin efirdən çıxarılması və ya sayının azalması uşaqlar və yeniyetmələrin daha sağlam psixoloji mühitdə informasiya qəbul etməsinə şərait yarada bilər. Bu baxımdan, televiziya artıq təkcə əyləncə vasitəsi deyil, həm də sosial tərbiyə aləti kimi daha məsuliyyətli rol oynaya bilər.

Ülviyyə Mirzəyeva əlavə edib ki, gələcəkdə daha keyfiyyətli, maarifləndirici, intellektual və inkişafyönümlü proqramların artması gənclərin dünyagörüşünün formalaşmasına, tənqidi düşüncə bacarıqlarının inkişafına və ümumi təhsil səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

O, bu prosesi yalnız media sahəsində yenilənmə deyil, eyni zamanda cəmiyyətin təlim-tərbiyə və intellektual inkişaf istiqamətində atılmış vacib addım kimi dəyərləndirib.

Zəhra Ağayeva

Seçilən
57
qht.az

1Mənbələr