AZ

Tullantı suları yararlı suya çevriləcək - Müşfiqabadda nəhəng layihə

Müşfiqabad hövzəsində  gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi tikintisi sürətlə davam edir. 


Manset.az xəbər verir ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisi layihəsinə uyğun olaraq qurğunun əsas və yardımçı hissələrinin böyük bir qismi artıq tamamlanıb.

Belə ki, iri barmaqlığın qurşaq tirlərinin betonlanması prosesi yekunlaşıb, hazırda isə son mərhələ olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrə qazıntı işləri artıq tam başa çatdırılıb.

Havalandırma sistemli qum və yağ tutucuda döşəmə inşası tamamlanıb, divarların dəmir-betonla hörülməsi isə davam etdirilir. Eyni zamanda, blover binasının bünövrəsi tökülüb, hazırda sütun və divarların tikintisi icra olunur. Mexaniki cihaz binasında isə tullantı qazlarının orta təzyiqlə nəqlini təmin edən funksional sistemlərin qurulması nəzərdə tutulur.

Biosfer hovuzunun su bölüşdürücüsündə döşəmə betonunun tikintisi yekunlaşıb. Havalandırma hovuzunda qazıntı işləri aparılır, paralel olaraq sağlamlaşdırıcı lay üzrə qaya dolğusu həyata keçirilir.

Lil susuzlaşdırma qurğusunda bünövrənin tökülməsi, həmçinin emalatxana, inzibati və gözətçi binalarında betonlama işləri tamamlanıb. Bununla yanaşı, tullantı sutəmizləyici qurğunun enerji təminatı üçün nəzərdə tutulan elektrik yarımstansiyası binasının inşasına da start verilib.

Qurğuda təmizlənən tullantı sularının ultrabənövşəyi şüalar vasitəsilə emal edilərək sənaye məqsədləri üçün yararlı vəziyyətə gətirilməsi və müvafiq qaydada yönləndirilməsi planlaşdırılır.

Layihə çərçivəsində ümumi uzunluğu 18,9 kilometr olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15,2 kilometri mikrotunel tipli, 3,7 kilometri isə klassik kollektor xəttindən ibarətdir. Bundan əlavə, inşa olunacaq 22 şaxtadan 6-da artıq işlərə başlanılıb.

Qeyd edək ki, layihə Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Hökməli qəsəbəsi və Aşağı Güzdək qəsəbəsi ərazilərində formalaşan tullantı sularının idarə edilməsinə xidmət edəcək. Eyni zamanda, Ceyranbatan Su Anbarı ətrafında yaranan qrunt sularının tənzimlənməsi və ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Fidan Vəlisoy

Seçilən
25
22
manset.az

10Mənbələr