AZ

Yeni papağın mübarəkdir sözünə görə dostunu döydü

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Xırdalan şəhərində 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Sübhan tanışı Nəsirə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, “Piano” restoranının arxasında baş verib.Sübhan Nəsirin onun başına qoyduğu ağ rəngli yeni kepka papağı ilə bağlı etdiyi zarafata görə aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sağ gözündən yumruqla bir dəfə vurub. 

Sübhanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sübhan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nəsiri Xırdalan şəhəri, Gənclər şəhərciyindən məhəllə uşağı kimi tanıyır:“Əvvəllər normal münasibətlərimiz olub. Hadisə günü gecə saatlarında “Dost qapısı” kafesinin qarşısına özümə məxsus avtomobilim ilə gəldiyim zaman tanışım Nəsiri görərək avtomobilimi saxladım. Söhbət zamanı “Yeni papağın mübarəkdir, papağını dəyişmisən” deyə Nəsir bildirdi. Bu söz çox pis təsir etdiyi üçün ona “Gözlə gəlirəm” deyərək avtomobilimi kənara çəkərək saxladım. Avtomobildən düşərək Nəsirə yaxınlaşdım və sağ əlimi onun boyun nahiyəsinə qoydum. Ona “Gəl qarşıda bir yer var, gedək ora, gələk” deyə bildirdim. Nəsir etiraz etməyərək əlində siqaret çəkərək mənimlə gəldi”.Təqsirləndirilən şəxs qeyd edib ki, biraz yol gedərək binaların aşağısında yerləşən “Piano” restoranının arxasına heç kimin olmadığı yerə gediblər: “Bu zaman restoranın arxa tərəfində deyilmiş sözdən əsəbləşdim və anidən Nəsirin gözünün altından yumruqla vurdum. Bundan sonra Nəsirin aşağı əyildiyini gördüm və oradan uzaqlaşdığım zaman arxamca sözlər deyilsə də, həmin sözlərə əhəmiyyət verməyərək getdim”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə Sübhan 7 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Abşeron rayon hüdudlarından kənara çıxmaq, hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
demokrat.az

1Mənbələr