Bakı, 18 mart, AZƏRTAC
Hazırda icrası davam etdirilən “Müşfiqabad hövzəsində kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğunun inşası” layihəsi regionun mühüm infrastruktur təşəbbüslərindən biri olmaqla, tullantı sularının idarə olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində ümumi uzunluğu 17,1 kilometr təşkil edən kollektor xəttinin çəkilməsi nəzərdə tutulur.
“Sözügedən kollektor Xırdalan şəhərini, Aşağı Güzdək, 28 May, Müşfiqabad qəsəbələrini əhatə etməklə geniş ərazidə kanalizasiya sisteminin müasirləşdirilməsinə imkan yaradacaq. Layihə uzunmüddətli perspektivə hesablanıb və regionda dayanıqlı su idarəçiliyinin formalaşdırılmasına mühüm töhfə verəcək. Burada əsas məqsəd yalnız mövcud problemlərin aradan qaldırılması deyil, həm də gələcəkdə artan əhali və infrastruktur tələbatının qarşılanmasıdır. Layihə çərçivəsində müasir texnologiyalara əsaslanan təmizləyici qurğunun inşası da həyata keçirilir. Qurğunun ilkin mərhələdə 75 min kubmetr gücündə olması planlaşdırılır və hazırda tikinti işləri davam etdirilir. Növbəti mərhələdə isə əlavə olaraq daha 75 min kubmetr tutumun yaradılması nəzərdə tutulur”, – deyə İman Rzayev bildirib.
İ.Rzayev vurğulayıb ki, hazırda kollektor xətti üzrə 7 şaxtada işlər aparılır ki, onlardan 4-də tikinti işləri artıq başa çatdırılıb, digər üç şaxtada isə işlər davam etdirilir: “Eyni zamanda, texnika şaxtalardan birində yerləşdirilərək qazıntı işlərinə başlanılıb. Layihənin icrası zamanı müasir tikinti standartları və texniki təhlükəsizlik qaydaları əsas götürülür. Bu isə işlərin keyfiyyətli və vaxtında tamamlanmasına imkan verir. Layihənin ümumi icra müddəti üç il müəyyənləşdirilib və işlər təsdiq olunmuş qrafikə uyğun aparılır”.
Sonda qeyd olunub ki, layihənin tamamlanması ilə bölgədə ekoloji vəziyyətin yaxşılaşması, su ehtiyatlarının qorunması və əhalinin yaşayış şəraitinin daha da yüksəldilməsi gözlənilir. Bununla yanaşı, yeni infrastrukturun yaradılması regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.