AZ

"Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının əsas prinsipləri açıqlanıb

Tədbir davamlılığının idarəetmə sistemləri standartının əsas prinsiplərindən biri yerli təchizatın təşviq edilməsidir.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında bildirib.

Onun sözlərinə görə, bu prinsip Azərbaycanın iqtisadi inkişaf prioritetləri ilə tam uzlaşır: "Yerli şirkətlərlə əməkdaşlıq vəsaitlərin ölkədə qalmasını təmin edir, daxili bazarı gücləndirir, yerli istehsal və xidmət sektorunun inkişafına əlavə imkanlar yaradır. Bu yanaşma kiçik və orta biznes (KOB) subyektləri üçün xüsusi iqtisadi imkanlar yaradır: daha çox sifarişlər, daha stabil gəlir mənbələri və uzunmüddətli əməkdaşlıq imkanları formalaşır".

Şöbə müdiri qeyd edib ki, digər mühüm məqam isə keyfiyyət və rəqabətqabiliyyətlilikdir: "Tədbir davamlılığının idarəetmə sistemləri" kimi standartın tətbiqi yerli şirkətləri daha sistemli işləməyə, resurslardan səmərəli istifadə etməyə və xidmət keyfiyyətini artırmağa təşviq edir. Bu, onların beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə, rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır. Nəticədə Azərbaycan şirkətləri yalnız daxili bazarda deyil, eyni zamanda beynəlxalq səviyyədə də daha fəal iştirak etmək imkanı qazanırlar".

Onun sözlərinə görə, ümumilikdə standartların hazırlanması və tətbiqi biznesin, xüsusilə də KOB subyektlərinin daxili biznes proseslərinin təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: "Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında səmərəli əməkdaşlıq əlaqələri formalaşdırılıb. Ötən dövr ərzində birgə səylərimizlə Ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə çərçivə dövlət standartı, eyni zamanda "Yaşıl biznesin idarə edilməsi sistemləri" dövlət standartı hazırlanıb təsdiq edilib".

Seçilən
39
3
far.az

4Mənbələr