AZ

Elnur Bağırov: Standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"WUF13 ölkəmizin şəhər idarəçiliyi, innovativ infrastruktur layihələri və ekoloji davamlılıq sahəsindəki təcrübəsini dünyaya təqdim etməyə, eyni zamanda, digər ölkələrin qabaqcıl urban təcrübələrinin öyrənilməsi və tətbiqinə imkan yaradır".

Oxu.Az xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı mərasimində deyib.

O bildirib ki, WUF13 və bu silsilədən olan beynəlxalq tədbirlərin təşkili yalnız yüksək təşkilati səviyyə ilə deyil, eyni zamanda, ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin olunması ilə də xarakterizə olunur:

"Məhz bu prinsiplərin təmin edilməsində standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir. Müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin edilməsi, rəqabətədavamlılığının artırılması, habelə dünya bazarına çıxışının təmini üçün keyfiyyət infrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi rol oynayır. Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində həyata keçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını şərtləndirir".

E.Bağırov vurğulayıb ki, dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha da intensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədilə beynəlxalq standartların qəbulunu zəruri edir:

"Beynəlxalq standartlar əsasında milli standartların qəbulu malların təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasına, insan sağlamlığının qorunmasına və ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, onların rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına da mühüm töhfə verir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
oxu.az

4Mənbələr