Kuba xarici təcavüz halında qarşısıalınmaz müqavimət göstərəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin adanın konstitusiya quruluşunu devirmək təhdidlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, ən pis ssenari ilə üzləşən Kuba istənilən xarici təcavüzkarın qarşısıalınmaz müqavimətlə qarşılaşacağına əmindir. Prezident bu fikirlərini sosial media hesabında paylaşıb.
Dias-Kanel qeyd edib ki, ABŞ 60 ildən artıq davam edən təzyiq və adanı təcrid etmək cəhdlərindən irəli gələn iqtisadi çətinlikləri bəhanə edərək, demək olar ki, hər gün Kubanın konstitusiya quruluşunu devirməklə hədələyir.
O bildirib ki, Vaşinqtonun məqsədi ölkənin resurslarını, əmlakını və iqtisadiyyatını ələ keçirməkdir və bu planlar açıq şəkildə bəyan olunur. Prezident əlavə edib ki, bu siyasət bütün xalqa qarşı kollektiv cəza kimi tətbiq edilən qəddar iqtisadi müharibəni izah edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Kubanı “düşmən çevrilişi” ilə hədələmiş, Vaşinqtonun tezliklə bu ölkə ilə bağlı addım ata biləcəyini və “Kubanı ələ keçirməyin böyük şərəf olacağını” bildirmişdi.
Aminə ŞAHSUVARQIZI