AZ

“Nazir oğluna da pul atmaq olar?!"- Partiya sədri

Azərbaycan mediası yazır, sitat: ““AzFinance İnvestisiya Şirkəti”nin direktoru, İntiqam Səfərəliyev həbs edilib. Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.

Məsələyə münasibət bildirən REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Səfərəliyev şir ürəyi yeyib:

“Nazir oğluna da pul atmaq olar?! Digər sual odur ki, yaxşı, nazirin oğlu 1 mln. manatı hardan alıb?! Başqa bir məqam odur ki, bu dələduzluq maddəsi biznes, yatırım üçün böyük bəlaya çevrilir. Tutalım, A adlı şəxs, B adlı şəxslə danışır ki, adama 100 min manat pul qoyaq, mal gətirək, iş görək, və ya, səhm alaq, koin alaq-sataq, qazanaq. Razılaşırlar, A adlı şəxs 200 min manatı, tutalım, C adlı şirkətin səhminə yatırır, səhmlər kəskin dəyər itirir, sərmayə batır. B adlı şəxs də gedir şikayət edir ki, A adlı şəxs məndən 100 min alıb, dələduzdur, vermir.

Yaxşı, əgər plan uğurlu olsaydı, səhmlər 200 min əlavə qazanc gətirsəydi, B adlı şəxs, gedib bunu dövlətə bəyan edib vergisini verəcəkdimi?! Təbii ki, yox. Ona görə də, bu dələduzluq məsələsini qanunlarda dəqiqləşdirmək lazımdır, yoxsa, biznes, yatırım üçün böyük bəlaya çevriləcək, zatən zəif olan iqtisadi aktivliyi, bir az da batıracaq...”

News365.az

Seçilən
10
news365.az

1Mənbələr