AZ

Ana qonan kəpənək

İvan Turgenevin “Asya” povesti haqqında

əvvəli ötən saylarımızda

Asya diz üstə çöküb hönkürür, N.N. onu yerdən qaldırmaq istəyəndə qız sivişib otaqdan çıxır. Bütün bunlar, bu görüş səhnəsi qəhrəmanın gözü qarşısından qızdırmalı adamın sayıqlaması kimi keçir. Gedə-gedə özünü danlayır ki, nahaq yerə Asyanın xətrinə dəydi, nahaq onu əlindən buraxdı:

“Şəhərdən çıxıb çölə tərəf üz qoydum. Quduz bir hiddət içimi gəmirirdi, başımdan məzəmmət yağdırırdım. Necə olmuşdu ki, mən Asyanı görüş yerini dəyişməyə vadar eləyən səbəbi anlamamışdım, bu qarının yanına gələnəcən onun nə qədər iztirab çəkdiyini qanmamışdım, onu tutub saxlamamışdım! İkimizdən başqa heç kəsin olmadığı yarıqaranlıq otaqda onu özümdən qoparmağa, hətta danlamağa gücüm, cəsarətim necə çatmışdı!.. İndi isə onun surəti məni qarabaqara izləyir, mən ondan dönə-dönə üzr istəyirdim; o solğun çöhrəni, o nəm ürkək gözləri, əyik boyuna dağılmış o gur saçları, başının sinəmə yüngülcə toxunuşunu xatırladıqca od tutub yanırdım. “Sizinəm...” deyə pıçıldadığını eşidirdim. “Mən vicdanlı davranmışam” deyib özümə təsəlli verirdim... Yalandır! Məgər mən işin məhz belə qurtarmağınımı istəyirdim?..”

N.N. qaranəfəs Qaginlərin evinə gedir, məlum olur ki, Asya evə qayıtmayıb. Bir qədər gözləyəndən sonra Qaginlə N.N. qoşalaşıb Asyanı axtarmağa yollanırlar, az getmiş şərtləşirlər ki, hərəsi bir səmti tutsun, bir saatdan sonra ayrıldıqları yerdə görüşsünlər.

N.N. gəzdiyi yerlərdə Asyanı tapmır. Qorxu, peşmanlıq, sevgi - bu qarışıq duyğular hamısı bir yerdə vücudunu sarıb onu təntidir, qəhrəmanımız qızı gəzə-gəzə ona sevgi, sədaqət andı içir, xəyalən bir büt kimi onun qarşısında tövbə eləyir. Qaginlərin evinə qayıdanda N.N. öyrənir ki, Asya artıq otağında əynini dəyişir. O, pəncərədən Qaginlə danışıb nəyisə aydınlaşdırmaq istəyir, ancaq Qagin söhbəti sonraya saxlayıb onunla vidalaşır:

“Pəncərə örtüldü. Özümü pəncərəni döyməkdən güclə saxladım. Elə oradaca Qaginə demək istəyirdim ki, bacısıyla evlənmək istəyirəm. Di gəl, günün o çağında bu sayaq elçilik... Fikirləşdim ki, qoy sabaha qalsın, sabah mən xoşbəxt olacağam...

Sabah mən xoşbəxt olacağam! Xoşbəxtliyin nə sabahı, nə dünəni var; o, keçmişi xatırlamır, gələcəyi düşünmür, onun yalnız indisi var, o da heç bir gün də yox, cəmisi bir an çəkir.

Z.-yə necə gəlib çatdığımı xatırlamıram. Məni ayaqlarım daşımamışdı, qayıq gətirməmişdi; məni gen açılmış bir cüt güclü qanad havaya qaldırmışdı. Bülbülün ötdüyü kolun yanından keçəndə dayanıb uzun-uzadı qulaq verdim: mənə elə gəldi ki, bu bülbül mənim sevgimdən, səadətimdən dəm vurur”.

***

Sabahı gün Qaginlərə gedəndə qulluqçu ona deyir ki, qonaqlar səhər saat altıdan yola çıxıblar; hara getdiklərini deməyiblər, ancaq evə cənab N.N.-ə çatası bir məktub da qoyublar. Məktubda Qagin Asyanın təkidiylə xəbərsiz getdiklərinə görə üzrxahlıq eləyir, ayrılmağın zəruri olduğuna qəti şəkildə inandığını vurğulayır: “Sonda o, tanışlığımızın belə tez bitdiyinə təəssüfləndiyini yazır, mənə xoşbəxtlik diləyir, əlimi dostcasına sıxıb yalvarırdı ki, onları axtarmağa girişməyim”.

N.N.-in ağlına ilk bu gəlir ki, Qaginlərin izinə düşsün. Aralanmaq istəyəndə ev sahibəsi alman qadın ona daha bir məktub verir. Bu məktubsa Asyadandır:

“Əlvida, bir daha görüşməyəcəyik. Qürurum üzündən getmirəm - yox, mən ayrı cür davrana bilməzdim. Dünən sizin qarşınızda ağlayanda bircə kəlmə, tək bir söz desəydiniz - qalardım. Siz o sözü dilə gətirmədiniz. Görünür, belə məsləhətdir... Həmişəlik əlvida!”

N.N. xəbər tutur ki, Qaginlər gəmiylə Kölnə üzüblər, özü də ora üzən gəmiyə bilet alır. Kölndə öyrənir ki, Asyagil Londona gediblər, onlardan bir soraq almaq üçün Londona üzür. Qaginlərin izinə düşməyə nə qədər çalışsa da, onların yerini nişan verən tapılmır. Nakam aşiq uzun müddət dinclik tapmasa da, axır əlini üzüb axtarışdan əl çəkir:

“Mən onları bir də görmədim - Asyanı görmədim. Onun haqqında mənə dumanlı xəbərlər gəlib çatırdısa da, məndən ötrü Asya biryolluq qeyb olmuşdu. Heç onun sağ olub-olmadığını da bilmirdim...

Boynuma alıram, Asyanın dərdini uzun müddət çəkmədim: hətta bu qənaətə gəldim ki, tale məni Asyaya qovuşdurmamaqla yaxşı iş tutub; özümə bununla təskinlik verirdim ki, belə bir arvadla mən xoşbəxt olmazdım. Onda mən cavan idim, ona görə də gələcək - çaparaq gəlib keçən qısa gələcək mənə intəhasız görünürdü. Məgər olub keçənlər təkrarlana bilməzmi - düşünürdüm - özü də daha yaxşı, daha gözəl şəkildə?.. Mən başqa qadınlar da tanıdım, ancaq Asyanın məndə oyatdığı duyğu - o yandırıb-yaxan zərif, dərin hiss yenidən yaşanmadı...

Mən tənhalığa məhkum kimsəsiz bir subay kimi ömrümdən qalan cansıxıcı illərimi yaşayıb qurtarmaqdayam, ancaq Asyanın məktublarını, bir zaman pəncərədən mənə atdığı gül budağının üstündəki qurumuş çiçəkləri tutiya kimi hələ də qoruyub saxlayıram. O çiçəklər indiyəcən xəfifcə ətir saçır, fəqət onu mənə verən əl - dodağıma bircə kərə sıxdığım o əl bəlkə də çoxdan məzarda çürüyür...

Bəs mən özüm - mənim axırım nə oldu? Bəs məndən - həyəcan dolu o bəxtiyar günlərdən, o qanadlı ümidlərdən, istəklərdən nə qaldı? Beləcə, bütün sevincləri, dərdləriylə insan ömrü miskin bir otun saçdığı ölgün qoxunun ömründən də gödəkdir”.

Sonuncu cümlə elə bil “Atalar və oğullar” romanının epiloqunun proloqu, müqəddiməsi, prelüdiyasıdır. Bu povestin sonunda xatırlanan qurumuş otun-çiçəyin varisləri o romanın sonunda həyata, insana, yoxluğa daha uca səslə meydan oxuyacaqlar...

***

İşıq üzünə çıxarılandan sonra “Asya” rus ədəbi mühitində hadisəyə çevrilmişdi, indi klassik sayılan bir çox böyük qələm adamı ədəbi nəşrlərin səhifələrində, yazışmalarında, çıxışlarında povestə münasibətini sərgiləmişdi. Bunlardan ən məşhuru sosializm ideyasına mübtəla inqilabçı-demokrat, solçu dairələrdə aktuallığını bu gün də itirməmiş “Nə etməli?” romanının müəllifi, materialist filosof, yazıçı, tənqidçi, publisist Nikolay Çernışevskinin “Rus centlmeni randevüdə” adlı məqaləsidir.

Çernışevski həmin məqalədə povesti öz fəlsəfi-estetik platformasına uyğun şəkildə ictimai-siyasi aspektdən təhlil eləyir, əsərdəki sevgi münasibətini sosial münasibətlər müstəvisinə köçürüb o kontekstdə nəzərdən keçirir, beləliklə də, povestin həssas qəlbli təhkiyəçi qəhrəmanını mənəvi iflasa uğramış rus dvoryan silkinin tipik nümayəndəsi, hətta timsalı kimi ağır ifadələrlə yıxıb sürüyür. Bu yanaşmasıyla Çernışevski nifrət bəslədiyi qərbmeyilli aristokratiyadan, liberal ziyalı cəbhəsindən, ilk növbədə elə Turgenevin özündən sanki intiqam alır, necə deyərlər, düşməni özünün silahıyla vurur. Üstəlik də, yazıçını ədəbi diskussiya arenasından ayırıb siyasi polemika meydanına çəkməyə çalışır.

Yaxşı yadımızdadır ki, dərin bədii-fəlsəfi mətnə buna bənzər vulqar-sosioloji yanaşmanı “Oblomov” romanı haqqında yazdığı məqalədə eyni ictimai-siyasi mülahizəylə Dobrolyubov da sərgiləmişdi. Bu kimi tendensiyalar bədnam, kütbeyin rus bolşevizminin erkən təzahürləri, qanlı edam kötüklərinə çevriləcək qart ağacların növcavan fidanları, erkən cücərtiləriydi. İnsanpərvər sənətə, humanist fəlsəfəyə, abırlı ziyalıya patoloji nifrət bəsləyən Lenin məhz bu tendensiyadan ilhamlanmaqla Lev Tolstoy kimi peyğəmbəri də inqilabçı çıxarmış, onu qanlı terrorun ideya dədələrindən biritək qələmə verməyə çalışmışdı.

Turgenev belə yozumlardan, bu sayaq qərəzli təhlillərdən xoşlanmaz, qaragüruhçu kütlənin onun başına qoymaq istədiyi mübarizə çələngini kübar səbriylə geri itələyərdi. Dağa-daşa düşməyə hacət yoxdur - İvan Sergeyeviçin niyyəti çox saf, çox da sadədir. Onun yazıçı məramı, ədəbi-fəlsəfi mesajı ta antik dövrlərdən - “ağlayan filosof” Heraklit kimi, “gülən filosof” Demokrit kimi qədim müdriklərin məktəblərindən üzübəri yol gəlib, bu gün də gəlməkdədir: dünya - təsadüfi görüş yeridir, ömür - kəpənək ömrüdür, həyat - vur-tut bir andır, o da bu andır. İnsan - andan-ana qonan, dondan-dona girən kəpənəkdir. Çünki anı tutub saxlamaq olmur.

“Asya”nın qəhrəmanı da o təkrarsız anı əldən buraxdı, sonra dalınca ha qaçdısa, tuta bilmədi. Dünya adlı görüş yerində həyat ona qismətini yetirmişdi, qızıl sinidə qarşısına gətirmişdi, ancaq qəhrəmanımız qismətini selə verdi. İndi çoxumuz kimi ona da şütüyüb axan çayın arxasınca baxmaq qalıb. Demişdilər axı bir suya iki dəfə girmək olmaz...

F.Uğurlu

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr