AZ

ABŞ-İran dialoqu bərpa olunur?

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi bu yaxınlarda ölkələri arasında münaqişənin sona çatması ilə bağlı əlaqələr yaratmağa  başlayıblar. Bu barədə Amerikanın Axios veb saytı mənbələrinə istinadən xəbər verib.

Xəbərə görə, ABŞ-nin xüsusi elçisi Uitkoff və İran xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa əlaqə xətti bu yaxınlarda bərpa edilib. İddia olunur ki, bunlar fevralın sonlarında İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri ilk belə əlaqələrdir. Bildirildiyinə görə, bu əlaqələri İran tərəfi başlatmışdır. 

Mənbələrdən biri ABŞ-nin İranın təzminatla bağlı tələblərini  qəbul etməyə hazır olmadığını vurğulayıb. Lakin onun sözlərinə görə, Vaşinqton İranın dünyanın qalan hissəsi ilə inteqrasiyasına imkan verəcək razılaşmaya açıqdır.

Amma Əraqçi bu məlumatı təkzib edib. O, Uitkoffla son əlaqəsinin "onun rəhbərinin İrana qarşı yeni bir qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarından" əvvəl baş verdiyini bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri Tehranın ABŞ ilə münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq niyyətində olmadığını və hərbi əməliyyatlarını davam etdirməyə hazır olduğunu bildirmişdi.

Bu arada Prezident Donald Tramp da İranın ABŞ ilə əlaqə saxladığını təsdiqləyib.  Lakin qeyd edib ki, "bu nümayəndələrin razılaşmalar barədə danışıqlar aparmaq səlahiyyəti olub-olmadığı bəlli deyil". O, jurnalistlərə bildirib: "Onlar danışıqlar aparmaq istəyirlər. Onlar bizim adamlarımızla danışırlar... amma biz onların kim olduğunu bilmirik".

Tramp Tehranın razılaşmaya hazırlığına şübhə ilə yanaşsa da, danışıqların mümkünlüyünü istisna etməyib və qeyd edib ki, "bəzən bundan yaxşı şeylər alınır".

İran rəsmiləri də açıq şəkildə ABŞ ilə atəşkəs barədə danışıqlar aparmadıqlarını bildirirlər. Onlar Tehranın müvəqqəti atəşkəsə razılaşmayacağını və uzunmüddətli sülh zəmanəti tələb etdiyini vurğulayırlar.

Mənbələr həmçinin qeyd edirlər ki, Əraqçi İranda əsas qərar qəbul edən şəxs hesab edilmir və öz hərəkətlərini keçmiş ali liderin ölümündən sonra ölkənin mülki liderinə çevrilən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə əlaqələndirir.

"The Wall Street Æournal" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri siyasi nəticələrdən, enerji qiymətlərinin artmasından və uzunmüddətli müharibə riskindən ehtiyat edərək onu İranla münaqişəyə son qoymağa çağırırlar. "Reuters" agentliyi isə Ağ Ev daxilində mübarizələrin hələ də davam etdiyini bildirib: "Bəzi müşavirlər əməliyyatın məhdudlaşdırılmasını və münaqişənin tez bir zamanda dayandırılmasını tələb edir, digərləri isə nüvə təhlükəsinin qarşısını almaq üçün hərbi təzyiqin davam etdirilməsində israrlıdırlar".

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr