Bəzi ölkələr qarışıq modelə üstünlük verir; ekspert deyir ki, qəbul sistemində köklü dəyişikliklərə ehtiyac var
“Test fasiləsiz təhsil sistemində epizodik olaraq tətbiq edilə bilər. Kütləvi və fasiləsiz testləşmə təhsildə çox ziyanlıdır”. Musavat.com xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov uzun illərdir qəbul imtahanlarında test üsulunun tətbiqi barədə danışarkən deyib. O bildirib ki, məktəb təhsilimiz son 33 ildə repetitor ümidinə qaldığı üçün təhsilimizdə hələ çox itkilərimiz olacaq. 2009-cu ildə Barak Obama ABŞ prezidenti olanda 1 milyard dollar vəsait ayırdı ki, Amerika təhsil sistemindən test sistemi tamamilə çıxartsınlar. Test fasiləsiz təhsil sistemində epizodik olaraq tətbiq edilə bilər. Kütləvi və fasiləsiz testləşmə təhsildə çox ziyanlıdır.
Bəzilərinə görə, test imtahanı ən azı müəyyən vaxt çərçivəsində bəzi sualların test üsulu ilə yoxlanılması üçün saxlanılmalıdır. Amma ümumilikdə təbii ki, şagirdlərin oxuyub-anlama, dinləyib-anlama, yazma qabiliyyətləri və sair də qiymətləndirilməlidir. Yəni bu üsullar tətbiq olunduqda, imtahan verən namizədlərin bilik və bacarıqlarını adekvat qiymətləndirmək mümkündür. Həmçinin onlar həm şəxsi inkişaf edə, həm tənqidi düşüncə, həm də digər yanaşmalar üzrə bacarıqlarını artıra bilərlər. Bu nöqteyi-nəzərdən, test tapşırıqlarını müəyyən məhdud sayda saxlamaqla digər istiqamətlərdə də bilik və bacarıqları yoxlamaq olar. Dövlət İmtahan Mərkəzi artıq bir neçə müddətdir bu istiqamətdə işlər aparır, oxuyub-anlama, dinləyib-anlama məsələləri də daxil olmaqla, bilik və bacarıqların qiymətləndirilməsi həyata keçirilir. Dünyanın əksər ölkələrində də demək olar ki, bu təcrübədən geniş istifadə olunur.
Qeyd edək ki, test üsulu olmadan da uğurlu qəbul sistemləri mövcuddur. Lakin əsas məsələ yalnız testin olub-olmaması deyil. Bu sistemlərin effektiv işləməsinin arxasında duran əsas amillər şəffaflıq, güclü nəzarət mexanizmləri və cəmiyyətin institutlara olan yüksək etimadıdır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində ali məktəblərə qəbul fərqli üsullarla həyata keçirilir. Məsələn, Finlandiyada qəbul əsasən məktəb qiymətləri, yazılı imtahanlar və bəzi hallarda müsahibə əsasında aparılır. Burada sistem daha çox güvən üzərində qurulub və korrupsiya riski minimaldır. Almaniyada bir çox ixtisas üzrə qəbul məktəb attestatındakı nəticələr - yəni “Abitur” göstəriciləri əsasında həyata keçirilir. Bəzi sahələrdə isə əlavə imtahan və ya müsahibə mərhələsi də tətbiq olunur.
Böyük Britaniyada ali məktəblərə qəbul “A-level” nəticələri, motivasiya məktubu və bəzən müsahibə vasitəsilə aparılır. Burada da qiymətləndirmə var, lakin bu, klassik çoxvariantlı test formatından fərqlənir.
Fransada məktəb buraxılış imtahanı - “baccalaureat” əsas rol oynayır. Bununla yanaşı, bəzi ixtisaslar üzrə əlavə seçim mərhələləri də mövcuddur. Yaponiyada isə yazılı imtahanlar və universitetlərin daxili qiymətləndirmə mexanizmləri qəbul prosesində mühüm yer tutur.
Bu modellərin uğurlu olmasının əsas səbəbləri aydındır: güclü nəzarət sistemi, müəllimlərə və imtahan mexanizminə yüksək etibar, eləcə də korrupsiyanın aşağı səviyyədə olması.
Azərbaycanda da illər əvvəl fərqli olub, qəbul test üsulu ilə aparılmayıb. Əvəzində şifahi imtahanlar geniş yayılmışdı. Bu isə çox vaxt subyektiv qiymətləndirməyə, tanışlıq və rüşvət kimi halların artmasına şərait yaradırdı. Məhz bu problemləri aradan qaldırmaq üçün müstəqillikdən sonra test sistemi tətbiq edildi. Əsas məqsəd insan faktorunu minimuma endirmək və qəbul prosesində ədaləti təmin etmək idi.
Bu gün isə hər iki modelin üstün və zəif tərəfləri açıq şəkildə görünür. Test sistemi daha obyektiv hesab olunur, lakin bəzən əzbərçiliyi təşviq edir. Testsiz üsul şagirdin bilik və bacarıqlarını daha dərindən qiymətləndirməyə imkan versə də, şəffaflıq zəif olduqda riskli ola bilər.
Məhz buna görə bir çox ölkə artıq qarışıq modelə üstünlük verir. Bu modellərdə test imtahanları yazılı cavablar, müsahibələr və məktəb göstəriciləri ilə birlikdə tətbiq olunur.

Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a açıqlamasında qəbul sistemində köklü dəyişikliklərə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, əsas məsələ test üsulunun tam ləğvi deyil, mövcud formatın yenilənməsidir. Ekspert qeyd edib ki, imtahanların həm proqram baxımından çətinliyi, həm də ümumi strukturunun ağır olması repetitorluğun geniş yayılmasına səbəb olub və nəticədə ailələr ciddi maddi yük altına düşüblər. O vurğulayıb ki, hazırda abituriyentlərin böyük əksəriyyəti yalnız məktəb təhsili ilə ali məktəbə qəbul ola bilmir: məktəbi bitirənlərin içərisindən cəmi bir neçə min nəfər bu biliklərlə uğur qazanır, qalanları isə hazırlıq kurslarına yönəlir. Nəticədə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan on minlərlə gəncin böyük hissəsi repetitor dəstəyindən yararlanmış olur.
Ekspert hesab edir ki, sistemdə dəyişikliklər qaçılmazdır. Onun təklifinə görə, Dövlət İmtahan Mərkəzi digər qurumlarla koordinasiyanı gücləndirərək buraxılış imtahanını - yəni qəbulun birinci mərhələsini - istiqamətlərə bölmədən bir gün ərzində təşkil edə bilər. Bu addım həm müxtəlif qruplar arasında yaranan “asan-çətin” mübahisələrini aradan qaldıra, həm əlavə sualların hazırlanmasına ehtiyacı azalda, həm də hazırlıq prosesini daha sistemli hala gətirə bilər. Eyni zamanda nəticələrin daha tez elan olunması mümkün olar.
Elçin Əfəndi əlavə edib ki, qəbul proqramı da yüngülləşdirilməlidir. Onun fikrincə, şagirdlər 6-7 fəndən imtahan verməməli, əsas biliklər 2-3 əsas fənn üzrə qiymətləndirilməlidir. Bu modelin dünyada da tətbiq olunduğunu deyən ekspert, bəzi universitetlərdə qəbulun beynəlxalq imtahan nəticələri əsasında aparıldığını xatırladıb. Türkiyə nümunəsində isə əsasən məntiq və riyaziyyat üzrə qiymətləndirmənin aparıldığını qeyd edib.
Ekspertin sözlərinə görə, çoxsaylı fənlərin bir ixtisas qrupu üzrə cəmlənməsi şagirdləri parçalanmış hazırlıq prosesinə sürükləyir. Uzun illərdir tətbiq edilən test sistemi saxlanılsa belə, onun strukturu dəyişdirilməli, fənlərin sayı azaldılmalıdır. Alternativ olaraq, qəbul qaydaları elə qurulmalıdır ki, abituriyentlər bir və ya iki əsas fənn üzrə imtahan verərək biliklərini nümayiş etdirə bilsinlər.
O, mövcud vəziyyətin təhsilin keyfiyyətinə də təsir etdiyini bildirib. Ekspert qeyd edib ki, auditoriyalarda tələbələrin böyük əksəriyyəti sərbəst fikir ifadə etməkdə çətinlik çəkir, çünki sistem daha çox əzbərçiliyə yönəlib. Onun fikrincə, əsas məqsəd şagirdlərə mexaniki bilik yükləmək deyil, onların düşünmə və ifadə bacarıqlarını inkişaf etdirmək olmalıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”