AZ

Dəri xərçəngi erkən mərhələdə necə aşkarlanır? - ARAŞDIRMA

Rusiyanın Novqorod Dövlət Universiteti (NovGU) alimləri tərəfindən yaradılan proqram-aparat kompleksi melanoma - dəri xərçənginin ən təhlükəli növlərindən birini ilkin mərhələdə müəyyən etməyə imkan verir.

Redaktor.az xəbər bu barədə xarici KİV-ə istinadla xəbər verir. 

Bildirilib ki, yeni sistem adi noutbuk və USB-mikroskop vasitəsilə işləyir. Bu texnologiya rayon poliklinikalarında, ambulatoriyalarda və feldşer-mama məntəqələrində ilkin skrininq aparmağa şərait yaradır.

Qeyd edək ki, melanoma piqment hüceyrələrindən yaranan və sürətlə metastaz verən aqressiv dəri xərçəngi növüdür. Xəstəlik limfa və qan vasitəsilə digər orqanlara – limfa düyünlərinə, ağciyərlərə, qaraciyərə, beyinə və sümüklərə yayıla bilir. Digər dəri xərçənglərindən fərqli olaraq, melanoma cəmi bir neçə ay ərzində sürətlə inkişaf edə bilər.

Mütəxəssislərin sözlərinə görə, erkən diaqnostika zamanı melanoma 90–95 faiz hallarda tam müalicə olunur. Lakin hazırda xəstələrin təxminən 60 faizində xəstəlik II–IV mərhələdə aşkarlanır ki, bu da müalicəni çətin və bahalı edir. Bunun əsas səbəblərindən biri risk qrupunda olan yaşlı və hərəkət imkanları məhdud şəxslərin müayinələrə cəlb olunmamasıdır.

Yeni hazırlanmış “Onkodiaqnostik” adlı kompleksin tərkibinə 300 dəfəyədək böyütmə imkanı olan USB-mikroskop, arterial təzyiq, nəbz və qanda qlükoza səviyyəsini ölçən qurğular daxildir. Mikroskop xüsusi silindrik başlıqla təchiz olunub ki, bu da görüntünün sabit fokus və işıqlandırma ilə əldə olunmasını təmin edir.

Layihə pilot olaraq Starorusski rayonunda tətbiq olunub. Tədqiqatda 1902 nəfər iştirak edib və onlardan 252 mikrofotoşəkil uzaqdan analiz üçün göndərilib. Aparılan statistik təhlil nəticəsində riskli dəri törəmələrinin 93,75 faiz dəqiqliklə müəyyən edilə bildiyi açıqlanıb.

Mütəxəssislər hesab edir ki, bu texnologiya gələcəkdə ilkin səhiyyə xidmətində geniş istifadə olunaraq həm erkən diaqnostikanı yaxşılaşdıracaq, həm də onkoloji xidmətlərin yükünü azaldacaq.

Nuriyyə NATİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr