Musavat.com xəbər verir ki, tədqiqatın nəticələrinə görə, toksik insanlarla davamlı ünsiyyət bioloji qocalmanı təxminən 1,5 faiz sürətləndirir.
Məlumata görə, amerikalı alimlər 2 mindən çox insanın məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, insanın xoşlamadığı, ona psixoloji yük yaradan şəxslərlə təmas orqanizmdə qocalma prosesini sürətləndirir. Bu göstərici təxminən doqquz aylıq əlavə qocalma effekti ilə müqayisə olunur.
Araşdırmada diqqətçəkən məqamlardan biri də budur ki, ətrafında toksik insanların olduğunu daha çox qadınlar, siqaret çəkənlər, səhhəti zəif olan şəxslər və uşaqlıqda mənfi hadisələr yaşamış insanlar bildiriblər.
Tədqiqat göstərib ki, yaxın çevrəsində toksik şəxs olan insanlar bioloji göstəricilər baxımından öz yaşıdlarından daha yaşlı görünürlər. Ən mənfi nəticələr isə toksik şəxsin qohum və ya yaxın dost olduğu hallarda qeydə alınıb.
Maraqlıdır ki, münasibətlərindən narazı olan həyat yoldaşları arasında mənfi təsir bir qədər zəif olub. Tədqiqatçılar bunu nikahın insanlarda tənhalıq qorxusunu azaltması ilə izah edirlər.
Alimlərin qənaətinə görə, insanın sosial mühiti təkcə psixoloji rahatlığına deyil, eyni zamanda onun bioloji yaşına da birbaşa təsir edir.