Fars körfəzi bölgəsində vəziyyət hər gün daha da gərginləşir və ABŞ qüvvələrinin regiona göndərilməsi ilə bağlı xəbərlər artıq adi informasiya deyil, bu, münaqişənin yeni və təhlükəli mərhələyə keçdiyinin siqnalıdır.
Musavat.com TASS-a istinadən xəbər verir ki, ABŞ bölgəyə “USS Tripoli” universal desant gəmisi başda olmaqla amfibiya-desant qrupunu yönləndirib.
Gəmidə 31-ci ekspedisiya dəniz piyadaları dəstəsi yerləşir. Bu, təxminən 2-5 min hərbçi deməkdir. Ən vacib məqam isə onların beşinci nəsil F-35B qırıcıları ilə dəstəklənməsidir. Bu təyyarələr şaquli qalxma qabiliyyətinə malikdir, müxtəlif yerlərdə yerləşdirilə və hava hücumundan müdafiə sistemlərini effektiv şəkildə sıradan çıxara bilir.
Mətbuata sızan məlumatlara görə, Pentaqonun ən azı 100 gün davam etməyi planlaşdırdığı “Epic Fury” əməliyyatı çərçivəsində həyata keçirilir. Bu artıq sadəcə güc nümayişi deyil, real hərbi əməliyyatlara hazırlıqdır.
ABŞ-nin məqsədi İranı işğal etmək deyil, bu, faktiki olaraq intihar olardı. Vaşinqtonun əsas hədəfi İranın hücum potensialını zəiflətmək, raket arsenalını, nüvə infrastrukturunu və donanmasını məhv etməkdir. Bütün bunları isə quru əməliyyatına girmədən, hava və dəniz vasitəsilə həyata keçirmək planlaşdırılır.
Lakin İran nə İraqdır, nə də Əfqanıstan. Tehran müqavimət göstərəcək və bunun üçün kifayət qədər imkanlara malikdir. İranın əsas gücü yalnız ordusu deyil, “müqavimət oxu” adlandırılan geniş proksi şəbəkəsidir. Bu şəbəkə Livandan Yəmənə qədər uzanır. “Hizbullah”ın böyük raket arsenalı var, husilər artıq İsrailə zərbə endirmək və Qırmızı dənizdə gəmiləri hədəfə almaq qabiliyyətini nümayiş etdiriblər, İraqdakı şiə silahlı qrupları isə ABŞ bazalarına hücum etməyə hazırdır. İran birbaşa deyil, dolayı yollarla, sözügedən qüvvələrlə müharibə aparacaq.
Hadisələr necə inkişaf edə bilər?
Mövcud dinamikanı nəzərə alaraq hadisələri bir neçə mərhələyə bölmək olar.
Birinci mərhələ (mart–aprel):
Hörmüz boğazında gərginlik artacaq. Dünya neftinin 20–25%-i məhz bu boğazdan keçir və hazırda gəmiçilik ciddi risk altındadır. ABŞ boğazı açıq saxlamağa, tanker karvanlarını müşayiət etməyə çalışacaq. Bu isə demək olar ki, qaçılmaz toqquşmalara gətirib çıxaracaq. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sürətli katerləri ilə ABŞ hərbi gəmiləri arasında qarşıdurmalar, minalama əməliyyatları, pilotsuz aparat hücumları mümkündür. Paralel olaraq İraqda Ərbil və Əyn əl-Əsəd bazalarında hücumlar artacaq. Bu, artıq başlayıb və itkilər var.
İkinci mərhələ (may–iyun):
İran ərazisinə genişmiqyaslı zərbələr ehtimalı yüksələcək. Raket bazaları, nüvə obyektləri və hava hücumundan müdafiə sistemləri hədəf alınacaq. Bu mərhələdə “Hizbullah” İsrailin şimal sərhədində aktivləşərək minlərlə raket ata bilər. Məqsəd İsrail ordusunu yayındırmaqdır. Eyni zamanda husilər Qırmızı dənizdə ticarət gəmilərinə sistemli hücumlara başlaya bilər.
Üçüncü mərhələ (iyul–sentyabr):
Bu, münaqişənin pik nöqtəsi ola bilər. Əgər ABŞ İranın adalarını və ya neft terminallarını ələ keçirməyə cəhd edərsə, Tehran orta mənzilli ballistik raketlərdən istifadə edə bilər. ABŞ-nin Qətər, BƏƏ və Küveytdəki iri bazaları hədəfə çevrilə bilər. Ən təhlükəli ssenari isə Hörmüz boğazının minalanmasıdır. Bu baş verərsə, dünya iqtisadiyyatı ciddi zərbə alacaq və neftin qiyməti 150–200 dollara qədər yüksələ bilər.
Kim kimin tərəfindədir?
ABŞ və İsrail əsas blokdur, Böyük Britaniyanın da onlara qoşulacağı gözlənilir. Ərəb monarxiyaları - Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər çətin vəziyyətdədir. Onlar İranın proksi qüvvələrinə qarşıdır, lakin açıq müharibəyə qoşulmaq istəmirlər. Neft yataqlarına raketlərin dəyməsi riski çox böyükdür. Buna görə də onlar yalnız bazalar təmin edəcək və hava hücumundan müdafiə sistemlərindən istifadəyə icazə verəcəklər, amma əsgər göndərməyəcəklər.
Çin İran neftini dolayı yollarla almağa davam edəcək və sülh çağırışları edəcək. Rusiya texniki dəstək, kəşfiyyat məlumatları və Suriya HHM sistemlərinə yardım göstərə bilər, lakin birbaşa toqquşmaya getməyəcək. Türkiyə öz hava məkanını bağlayaraq vasitəçi rolunda çıxış edə bilər. Hindistan və Pakistan isə neytral mövqe tutacaq.
Münaqişə necə başa çata bilər?
Birbaşa hərbi qələbə ehtimalı zəifdir. Ən real ssenari "strateji çıxılmaz vəziyyət"dir. Bu halda ABŞ İranın raket potensialının 60–70%-ni məhv edir, nüvə proqramını illərlə geri salır. Lakin Tehran rejimi qalır. İran isə proksi qüvvələr vasitəsilə cavab zərbələri endirərək gücünü nümayiş etdirir. Nəticədə tərəflər danışıqlara məcbur olur və münaqişə “dondurulur”.
Daha az ehtimal olunan ssenari isə İranın cavab zərbələri nəticəsində ABŞ-nin geri çəkilməsidir. Ən az ehtimal edilən variant isə rejim dəyişikliyidir. Bunun üçün ən azı yarım milyonluq quru qoşunu tələb olunur ki, ABŞ cəmiyyəti buna hazır deyil.
İraq təcrübəsi nə deyir?
2003-cü ildə ABŞ İraqa müdaxilə edərkən yüz minlərlə hərbçi cəlb olunmuşdu. Halbuki İraq İranla müqayisədə daha kiçik və daha əlverişli coğrafiyaya malik idi. İran isə dağlıq relyefə, xüsusilə Zaqros dağlarına sahibdir ki, bu da müdafiəni asanlaşdırır və partizan müharibəsi üçün ideal şərait yaradır.
Bundan əlavə, İranın yalnız müntəzəm ordusu və İnqilab Keşikçiləri Korpusu təxminən 610 min nəfərdən ibarətdir. Üstəlik, yüz minlərlə ehtiyat qüvvə mövcuddur. Bu isə o deməkdir ki, belə bir ölkəyə müdaxilə üçün sadəcə üstünlük deyil, böyük say fərqi tələb olunur.
Ekspertlərin fikrincə, İran üzərində nəzarət üçün ən azı 500 min, bəzi qiymətləndirmələrə görə isə 1 milyonadək hərbçi lazımdır. Bu isə reallıqdan uzaq görünür.
İqtisadi nəticələr
Ən həssas məsələ iqtisadiyyatı əhatə edir. Neftin qiyməti artıq 100 dollara yaxınlaşır. Hörmüz boğazı bir ay bağlanarsa, qiymət 105 dollara, iki ayda 140 dollara, üç ayda isə 170 dollara qədər yüksələ bilər. Bu isə Avropada tənəzzül, inflyasiyanın artması və qlobal iqtisadi sarsıntı deməkdir.
Hazırda diqqət yetirilməli əsas məqamlar bunlardır: “Hizbullah”ın İsrail sərhədinə hərəkəti, husilərin Qırmızı dənizdə hücumları və Hörmüz boğazında minalama ilə bağlı xəbərlər. Məhz bu amillər böyük müharibənin başlanğıc siqnalları hesab olunur.
Musavat.com