AZ

30 yaşdan sonra bunu edənlər daha xoşbəxt olur Yeni araşdırma

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mütəxəssislərin yeni araşdırmasına əsasən, bir çox insan məhz 30 yaşdan sonra doğru insanla qarşılaşır. Bu dövrdə qurulan münasibətlərin daha uzunömürlü olduğu və əksər hallarda evliliklə nəticələndiyi bildirilir.

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, qeyd edilən yaşlarda adətən insanlar münasibətlərə daha yetkin və şüurlu yanaşır:

“Bunun bir neçə mühüm səbəbi var. Əvvəla, insan bu yaş dövrünə qədər müəyyən həyat təcrübəsi qazanır. Gənclik çağında münasibətlər çox vaxt emosional impulslar, romantik idealizm və özünü axtarış prosesi ilə formalaşır. 30 yaşdan sonra isə insan artıq özünü daha yaxşı tanıyır, hansı dəyərlərə sahib olduğunu, münasibətdə nəyə ehtiyac duyduğunu və nələri qəbul edə bilməyəcəyini daha aydın anlayır. Bu isə daha uyğun tərəfdaş seçiminə gətirib çıxarır. Digər mühüm faktor emosional yetkinlikdir. Bu yaş dövründə insanlar konfliktləri idarə etməyi, kompromisə getməyi və qarşı tərəfin hisslərini nəzərə almağı daha yaxşı bacarırlar. Münasibətlərdə yalnız romantik hisslər deyil, qarşılıqlı hörmət, empatiya və məsuliyyət hissi də ön plana keçir. Emosional özünütənzimləmə qabiliyyətinin artması münasibətlərdə sabitliyi gücləndirir”.

Zeynəb Əyyubova

Psixoloq bildirib ki, sosial və həyat şərtləri də bu prosesə təsir edir:

“30 yaşlarına yaxın insanlar adətən təhsil, karyera və şəxsi hədəflərlə bağlı müəyyən sabitlik əldə etmiş olurlar. Maddi, sosial sabitlik münasibətlərə daha real və planlı yanaşmanı təşviq edir. İnsanlar artıq yalnız romantik hisslərə deyil, həm də ortaq həyat qurmaq, gələcək planlar, dəyərlər və həyat tərzi uyğunluğuna diqqət yetirirlər. Bundan əlavə, yaş artdıqca insanların prioritetləri də dəyişir. Gənclikdə daha çox emosional həyəcan və yenilik axtarışı ön planda olduğu halda, 30 yaşdan sonra insanlar təhlükəsizlik, etibar və uzunmüddətli sabitlik kimi dəyərlərə daha çox önəm verirlər. Bu da münasibətlərin daha möhkəm və davamlı olmasına kömək edir. Yəni bu dövrdə qurulan münasibətlərin daha uzunömürlü olmasının əsas səbəbi insanların həm psixoloji, həm emosional, həm də sosial baxımdan daha yetkin mərhələyə çatmalarıdır”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
globalinfo.az

1Mənbələr