AZ

Papaq atan qalmayıb... Qapılar daha möhkəm bağlanıb, həyətlər daha səssizdir, uşaqlar da ekranlara sığınıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaq vaxtı qapı döyüləndə evdəkilər əvvəlcə pəncərəyə qaçardı. Küçəyə baxardıq ki, kimdir görəsən? Sonra qapını açanda astanada bir papaq görərdik. Sahibi isə çoxdan qaçıb gizlənmiş olardı. Papağın içi boş idi, amma əslində o papaq boşluq deyil, ümid gətirirdi. İçinə bir ovuc şirniyyat, qoz-fındıq, bəzən də konfet qoyulanda sanki uşağın sevincini də doldurmuş olardıq.

Papaq atmaq təkcə uşaq oyunu deyildi. Bu, qonşuluğun səssiz salamı idi. Bir məhəllənin bir-birinə bağlılığının işarəsi idi. Qapıya atılan papaq əslində deyirdi ki, “biz buradayıq, siz də varsınız.” İndi isə qəribə bir boşluq yaranıb. Nə papaq atan var, nə də papaq atılsa onu dolduracaq qonşular. Qapılar daha möhkəm bağlanıb, həyətlər daha səssizdir. Uşaqlar həyətə qaçmaq əvəzinə ekranlara sığınıb. Papaq isə artıq başda qalır, qapı ağzına gəlmir.

Bəlkə də məsələ papaqda deyil. Məsələ o papağın arxasında duran münasibətlərdə idi. Bir vaxtlar qonşunun uşağı qapıya papaq atanda ev sahibi onu tanımaya da bilərdi, amma yenə də papağı boş qaytarmazdı. Çünki o papaq təkcə bir uşağın deyil, bütövlükdə bir məhəllənin idi.

İndi insanlar bir binada yaşayır, amma bir-birini tanımır. Adətlər bəzən səssizcə yox olur. Heç kim qərar vermir ki, artıq papaq atılmayacaq. Sadəcə bir il uşaqlar az olur, bir il qonşular dəyişir, bir il də kimsə qapını açmır. Və beləcə bir ənənə yavaş-yavaş yaddaşa çevrilir.

Bəlkə də papaq atmaq yenidən qayıtmayacaq. Amma o papağın bizə xatırlatdığı bir şey var ki, qapını açmaq təkcə evə yox, insanlara da yer verməkdir.

Kim bilir, bəlkə də bir gün yenə qapı döyülər. Qapını açanda astanada bir papaq görərik. Və anlayarıq ki, bəzi adətlər yox olmur, sadəcə onları xatırlayan bir uşaq gözləyir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
bizimyol.info

1Mənbələr