AZ

Yaxın Şərqdə qarşıdurma fonunda Böyük Britaniyada ipoteka xərcləri kəskin artıb

London, 17 mart, AZƏRTAC

Böyük Britaniyada ipoteka kreditlərinin dəyəri qısa müddətdə kəskin artıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hazırda götürülən tipik ipoteka kreditinin illik xərci Yaxın Şərqdə eskalasiyadan sonra cəmi iki həftə ərzində 788 funt sterlinq artıb. Bu artım 25 illik müddətə götürülən və məbləği 250 min funt olan ipoteka kreditlərinə aiddir. Hazırda bu kreditlər üzrə orta ikiillik sabit faiz dərəcəsi 5,28 faiz təşkil edir.

Maliyyə məlumat xidməti olan “Moneyfacts”ın təqdim etdiyi rəqəmlər göstərir ki, ABŞ və İsrailin fevralın sonunda İrana zərbələrindən sonra banklar faiz dərəcələrini artırıb və bir sıra sərfəli ipoteka təkliflərini bazardan çıxarıb.

İri kredit təşkilatları 4 faizdən aşağı faizlə təklif olunan ən sərfəli ipoteka paketlərini geri çəkib. Bununla belə, maliyyə məsləhətçiləri bildirirlər ki, bazardakı qeyri-müəyyənliyə baxmayaraq, borcalanlar əvvəlcədən planlama apararaq uyğun variant tapa bilərlər.

Qeyd edək ki, sabit faizli ipoteka kreditlərində faiz dərəcəsi müqavilə müddəti bitənə qədər dəyişmir. Bu müddət adətən 2 və ya 5 il olur və daha sonra yeni kredit şərtləri seçilir. Dəyişkən faizli kreditlər, isə adətən İngiltərə Bankının əsas faiz dərəcəsindəki dəyişikliklərə uyğun olaraq artır və ya azalır. Bankın faiz siyasətini müəyyən edən komitəsinin bu həftə növbəti iclası keçiriləcək.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
82
1
azertag.az

2Mənbələr