AZ

Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilib

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, yubiley mərasimi universitetin tələbələrindən ibarət xor kollektivinin kamera orkestrinin müşayiətində Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Hamlet İsaxanlı qeyd edib ki, Xəzər Universiteti dünya və regional reytinqlərdə yüksələn xətt üzrə yer almaqdadır.

Daha sonra universitetin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.

Rektor Raziya İsayevа universitetin tələbələri və əməkdaşlarının ABŞ-də mübadilə proqramlarında iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, Xəzər Universiteti yalnız ali təhsil müəssisələri ilə əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, “British Council” kimi bir çox beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurur və çoxsaylı layihələr həyata keçirir. Rektor qeyd edib ki, alimlər universitetə cəlb olunaraq tədris və elmi-tədqiqat fəaliyyətinə töhfə verirlər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və dünyanın müxtəlif universitetlərinin rəhbərləri Xəzər Universitetinin təkcə Azərbaycanın deyil, regionun seçilən ali məktəblərindən biri olduğunu vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, universitetin məzunları ölkənin elmi inkişafına və intellektual cəmiyyətin formalaşmasına mühüm töhfələr veriblər.

Sonda xüsusi yubiley təltifləri təqdim edilib. Yubiley mərasimi incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Seçilən
26
1
azertag.az

2Mənbələr