AZ

ABŞ və müttəfiqləri arasında GƏRGİNLİK: Müharibə Trampa baha başa gəlir…

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt ritorikası və Hörmüz boğazı ətrafında hərbi aktivliyin artırılması çağırışları beynəlxalq müstəvidə yeni gərginlik dalğası yaradıb. Vaşinqtonun müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməməsi isə xüsusilə Avropa ilə münasibətlərdə fikir ayrılıqlarını daha da qabardır. ABŞ-ın uzun illər ərzində təhlükəsizlik və siyasi sahədə dəstək verdiyi tərəfdaşlarının bu dəfə daha ehtiyatlı mövqe sərgiləməsi diqqət çəkir. Bəs bu vəziyyət transatlantik münasibətlərdə yeni çatların yaranmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, İranla qarşıdurmanın başlanmasından sonra ABŞ ilə Avropa İttifaqı arasında müəyyən fikir ayrılığı açıq şəkildə müşahidə olunur.

Politoloq

“Donald Tramp dəfələrlə müttəfiqlərdən istədiyi səviyyədə dəstək ala bilmədiyini vurğulayıb.

Avropa İttifaqı ölkələri və digər tərəfdaşlar İranla bağlı hərbi əməliyyatlarda iştirak məsələsində tərəddüd edirlər. Bu isə ABŞ-ın gözləntiləri ilə üst-üstə düşmür və münasibətlərdə müəyyən gərginlik yaradır”.

Onun fikrincə, bir çox ölkələrin bu məsələdə ehtiyatlı davranmasının əsas səbəbi iqtisadi və siyasi risklərlə bağlıdır:

“Hər bir dövlət öz xarici siyasət kursuna və iqtisadi maraqlarına uyğun qərar verir. Hörmüz boğazı ətrafında mümkün qarşıdurma isə qlobal enerji bazarına və ölkələrin iqtisadiyyatına ciddi təsir göstərə bilər”.

Artıq ABŞ-a yönəlik tənqidi fikirlərin artdığı da müşahidə olunur. Xüsusilə, Birləşmiş Krallıq hökumətinin sərt tənqid edilməsi Vaşinqtonla ənənəvi müttəfiqlər arasında da müəyyən çatların yarandığını göstərir”.

Ekspert hesab edir ki, mövcud vəziyyət gələcəkdə ABŞ-ın xarici siyasət kursuna təsirsiz ötüşməyəcək:

“ABŞ müttəfiqləri ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qala bilər. NATO ölkələri və Avropa İttifaqı ilə əməkdaşlıq formatında müəyyən dəyişikliklərin baş verməsi istisna deyil. Vaşinqton gözlədiyi dəstəyi görmədiyi üçün gələcəkdə “müttəfiqlərlə birgə hərəkət” məsələsinə daha ehtiyatla yanaşa bilər”.

Beləliklə, İranla bağlı gərginlik təkcə regional deyil, həm də ABŞ və onun müttəfiqləri arasında strateji münasibətlərin gələcəyi baxımından ciddi sınaq kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
74
50
konkret.az

10Mənbələr