AZ

Balıq və süd məhsullarının soyducudan kənarda saxlanılması nə qədər təhlükəlidir? -Ekspert DANIŞDI

Bəzi hallarda bazarlarda balıq və süd məhsullarının soyuducudan kənarda saxlanıldığına şahid oluruq.

Bəs həmin məhsulların bu şəkildə saxlanılması nə dərəcədə təhlükəlidir?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, balıq və süd məhsulları yüksək risk qrupuna aid olan məhsullardır.

Onun sözlərinə görə, bu məhsullar soyuducudan kənarda saxlanıldıqda tərkib dəyişikliyi baş verir:

"Avtomatik olaraq onların tərkibində olan bakteriyalarda çoxalma olur. Həmin çoxalmalar insanların sağlamlığını risk altına alır. Zəhərlənmələr baş verir: ishal, qusma, həmçinin müxtəlif qarın ağrıları da ola bilər. Balıqdan zəhərlənmələr ölümə qədər gətirib çıxara bilər. Balıq və süd məhsulları soyuq qida zənciri pozulmadan, soyuducu şəraitdə saxlanılmalıdır. Həmin qidaları açıq havada saxladıqdan sonra soyuducuya qoysaq, bu heç də təhlükəsiz sayılmayacaq. Artıq həmin bakteriyalar aktivləşmiş olacaq".


 

Müsahibimiz vurğuladı ki, istehlakçılar özləri də ən azından diqqətli olmalıdırlar:

"İstehsalçı vicdanı, istehlakçının diqqəti və nəzarəti — bu artıq öz sağlamlığına biganə qalmamağın göstəricisidir. Çünki burada istehlakçı görməlidir ki, bu balıq açıq satışda, soyuducusuz vəziyyətdə satılırsa, burada təhlükə mənbəyi var. Bu, istər-istəməz insan sağlamlığı üçün təhlükə yarada bilən məsələdir. O özü öz iradını bildirməlidir, məhsulla bağlı istehsalçıya, satıcıya öz iradını bildirməlidir.

Vətəndaş öz mövqeyini göstərməli və əks tərəf bilməlidir ki, müştərilər özləri öz sağlamlıqlarının qayğısını çəkirlər, sağlamlıqlarına biganə deyillər. Hər ucuz satılan məhsul keyfiyyətli və təhlükəsiz məhsul deyil. Bazarlarda, insanların sıx toplaşdığı yerlərdə bu hallar mütəmadi təkrarlanır. Burada istehlakçılar özləri diqqətli olmalıdırlar. Yəni “məndən ötdü, qardaşıma dəydi” məsələsi olmamalıdır. Ən azından sən bunu görürsənsə, öz vətəndaş mövqeyini nümayiş etdirib iradını bildirməlisən. 

Biz istehlakçıları maarifləndirməyə çalışırıq ki, vətəndaş mövqeyi nümayiş etdirsinlər. Bəlkə məsuliyyət hiss edərlər ki, bu dəfə malımı sata bilmədim, bu mənim əlimdə xarab oldu. Niyə? Çünki mənim satış nöqtəmin vəziyyəti ürəkaçan deyil, standartlara cavab vermir, soyuducu sistemim yoxdur, mən məhsulumu soyuq qida zəncirinə əməl etmədən sata bilməyəcəyəm. Məhsul həmin piştaxtada 3-4 dəfə xarab olsa, daha satıcı eyni səhvləri etməyəcək. Görəcək ki, vətəndaş ondan normal satış şəraiti tələb edir. Bu da onda məsuliyyət hissi yaradacaq ki, mən artıq öz vəziyyətimi düzəltməliyəm, həmin satış nöqtəsini dəyişməliyəm və yaxud satış nöqtəsində müəyyən standartlara cavab verən məsələləri həyata keçirməliyəm".

Aytəkin TOFİQQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr