“İranın yeni ali lideri ölərsə və ya ölkəni idarə etməyə davam edə bilməsə, bu, mövcud sistemin çökməsinə səbəb ola bilər”.
“Cebheinfo.az” xəbər verir ki, Trampın keçmiş milli təhlükəsizlik müşaviri, həmişə İrana və müharibənin başlamasına qarşı sərt siyasətin əsas tərəfdarlarından biri olan Con Bolton “NEWS.am”-a müsahibəsində belə deyib. “Hamı düşünürdü ki, Ayətullah Əli Xameneyinin ölümündən sonra hakimiyyətin varisliyi böhranı yaşanacaq.
Çünki inqilabdan sonra hakimiyyət yalnız bir dəfə ötürülüb və o, İslam Respublikasının ikinci ali lideri olub. Artıq varis seçmək böhranının kəskinləşməsini sürətləndirmişik və Müctəba Xameneyinin seçilməsi onların nə qədər çətin vəziyyətdə olduğunu göstərir.
Əgər Müctəba Xameneyi ölərsə və ya ölkəni idarə etməyə davam edə bilməsə, yeni bir varislik böhranı yaranacaq. Həmin an gələndə hətta avtoritar rejimi də çox tez bir zamanda çökdürə bilər”,-Bolton belə deyib. Müctəba Xameneyinin artıq təslim olmaqdan imtina etdiyini və İrana qarşı müharibənin qisasını alacağını vəd etdiyini nəzərə alsaq, ABŞ və İsrailin nə edəcəyi barədə suala cavabında Con Bolton onun hərbi hədəf olaraq qaldığını deyib.
“O, hazırda baş komandandır və hökumətinin qalan hissəsi kimi o da qanuni hərbi hədəfdir. Düşünmürəm ki, bu halda İranın təslim olması variantı nəzərdən keçirilməlidir. Mənim fikrimcə, məqsəd rejimin süqutu olmalıdır və yaxın gələcəkdə ən çox ehtimal olunan nəticə İranın nizami ordusundan generallardan ibarət hərbi hökumətin yaradılması olacaq.
Təkrar edirəm, İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından deyil, ölkədəki qeyri-sabit vəziyyətdə İran xalqına konstitusion idarəçilik sisteminin gələcək modelini müəyyən etmək üçün məsləhətləşmə prosesi aparmağa icazə verəcək, qayda-qanun yaradacaq nizami silahlı qüvvələrdən olmalıdır.
Düşünürəm ki, bu halda onlarla əlaqə qurmaq mümkün olacaq”, - deyə Bolton bildirib.