AZ

Azərbaycanrisk QARŞISINDA- Doğum düşür, ölkə QOCALIR

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. O,  bunu parlamentin martın 13-də keçirilən plenar iclasında deyib.
Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev Ajans.az-a açıqlama verib.  Sosioloq bildirib ki, son illərdə doğum səviyyəsinin azalması təkcə Azərbaycana xas deyil, bu, klassik demoqrafik keçidin nəticəsidir. Cəmiyyətlər sənayeləşdikcə və urbanizasiya artdıqca ailələr daha az uşaq sahibi olmağa meylli olurlar. Və uşaqlar artıq dəyər yaradan bir aktiv kimi yox, daha çox uzunmüddətli investisiya kimi görülür. O cümlədən Azərbaycanda da mənzil problemi, uşaq böyütməyin artan xərcləri, qadınların təhsil və əmək bazarında daha aktiv rol alması kimi faktorlar bu azalmanı sürətləndirir. O qeyd edib ki, doğum səviyyəsini artırmaq üçün dünyada tətbiq olunan klassik alətlər var: maliyyə stimulları, uşaq pulu, vergi güzəştləri, daha əlçatan bağça və sosial xidmətlər. Amma unudulmamalıdır ki, təkcə pul verməklə doğum partlayışı yaratmaq olmur.  Skandinaviya ölkələrinin təcrübəsi göstərir ki, əsas məsələ ailə və karyera arasında balansdır. Yəni qadın həm işləyə, həm də ana ola bilirsə, doğum nisbəti daha stabil qalır. Hazırda Azərbaycanda bəzi sosial stimullar verilməyə çalışılsa da, hələ ki, sistemli və uzunmüddətli yanaşma tam oturuşmayıb. “Doğumun azalması uzun müddət davam edərsə isə, bunun nəticələri kifayət qədər ağır olacaq. Əmək bazarında gənc işçi qüvvəsi azalacaq, pensiya yükü artacaq və sosial təminat sistemi daha çox yük altında qalmış olacaq. Belə halda iqtisadi artım tempi zəifləyir və sosial xərclər idarəolunmaz hala gələ bilir.”-deyə, sosioloq açıqlayıb. 

Yusif Nəbiyevin sözlərinə görə, yaxın 20–30 ildə demoqrafik qocalma riski isə uzaq ssenari deyil, təəssüf ki, real trayektoriyadır. Əgər mövcud tendensiya davam etsə, Azərbaycan da Avropa tipli yaşlanan cəmiyyətlər sırasına daxil ola bilər. Burada əsas və xoşagəlməz fərq ondadır ki, biz bu tendensiyaya daha az hazırıq.  Düzdür, xeyli müddətdir həyəcan təbili çalınmaqdadır, amma hələ də onu eşidib sistemli reaksiya verilməyib.

Seçilən
30
Ajans.az

1Mənbələr