AZ

“Bizim ailəmiz Türk dünyasıdır” - beynəlxalq elmi konfrans

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Akademiyanın Tarix və Etnologiya İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə gənc rəssamların Novruz bayramının ruhunu və milli koloritini əks etdirən əsərlərindən və etnoqrafik materiallardan ibarət sərgiyə baxış olub.

Konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Novruzun əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşadan bayramlarımızdan biri olduğunu söyləyib. Akademik vurğulayıb ki, Novruz təkcə Azərbaycanı deyil, bütövlükdə Türk dünyasını birləşdirən mühüm rəmzə çevrilib.

AMEA rəhbəri Rəyasət Heyətinin martın 13-də keçirilmiş iclasında “Novruz bayramı: ənənə və müasirlik” mövzusunda geniş məruzənin dinlənildiyini xatırladaraq bildirib ki, Akademiyanın elmi müəssisələrində tarixçilər, etnoqraflar, folklorşünaslar və digər tədqiqatçılar tərəfindən Novruz bayramı çoxşaxəli şəkildə araşdırılır, bu istiqamətdə fundamental elmi əsərlər hazırlanır və bayramın mərasimləri, onların mahiyyəti elmi əsaslarla izah olunur.

Akademik qeyd edib ki, müasir dövrdə milli mərasimlərə, xüsusilə Novruz bayramına elmi əsaslarla yanaşmaq, onun mahiyyətini düzgün şəkildə cəmiyyətə çatdırmaq və gələcək nəsillərin bu istiqamətdə maarifləndirilməsi AMEA-nın qarşısında duran əsas vəzifələrdəndir.

“Bugünkü tədbir türk xalqlarının ortaq tarixi köklərinin, zəngin etnomədəni irsinin və folklor ənənələrinin elmi müstəvidə araşdırılması, bu sahədə aparılan tədqiqatların müzakirəsi və Türk dünyası alimləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Daha sonra Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Güllü Yoloğlunun “Bizim ailəmiz Türk dünyasıdır”, Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevin “Novruz bayramı: ənənə və müasirlik”, Tarix və Etnologiya İnstitutunun elmi katibi dosent Bəhmən Əliyevin “Novruz ənənələri və dövlətçilik: tarix və milli yaddaş kontekstində” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə türk xalqlarının zəngin folklor irsi, ortaq mədəni yaddaşı və etnik-mədəni yaxınlığı elmi faktlar əsasında təhlil olunub. Xüsusilə 100 illiyi qeyd olunan Birinci Türkoloji Qurultayın türkoloji fikir tarixində açdığı yeni elmi üfüqlər, müasir çağırışlar fonunda türkoloji ədəbiyyatşünaslıq, tarixşünaslıq və folklorşünaslıq istiqamətlərinin genişlənən tədqiqat miqyası diqqətə çatdırılıb. Türkoloji folklorşünaslıq konsepsiyasının formalaşması, türk xalqlarının folklorunda ortaq motivlər, mifoloji qatlar və mərasim ənənələri əsas müzakirə mövzularından olub. Məruzələrdə, həmçinin Novruzun həm folklor hadisəsi kimi, həm də dövlətçilik və milli yaddaş kontekstində ideoloji-mədəni əhəmiyyəti elmi əsaslarla şərh olunub.

Beynəlxalq konfrans işini “Türk xalqlarının tarixi və etnologiyası” və “Türk xalqlarının folkloru və ədəbiyyatı” adlı bölmə iclasları ilə davam etdirib.

 

Seçilən
14
1
azertag.az

2Mənbələr