AZ

Hüquqa hörmətsizlik tendensiyası- Bülbülə nümunəsi



Bülbülədə baş verən son hadisə cəmiyyətimiz üçün təkcə bir lokal mübahisə deyil, bu, qanunun aliliyinə münasibətin, reklam hüquqlarının necə ayaq altına atıldığının açıq göstəricisidir. Reklam agentliyinin əməkdaşlarının sahibkar tərəfindən açıq şəkildə təhqir olunması, təzyiqə məruz qalması və üstəlik bunun “qanuni fəaliyyət” "get nə bilirsən elə", "indi görəcəksən" kimi təhdid edilməsi, artıq təkcə etik yox, həm də hüquqi çərçivədən kənara çıxan bir davranışdır.

Ən narahatedici məqam isə odur ki, həmin sahibkar özünü qanundan üstün mövqedə göstərməkdən çəkinmir. O, sanki qanunları şah hesab edən yox, onları ləğv edən tərəf kimi çıxış edir. Halbuki Azərbaycan Respublikasında reklam fəaliyyəti konkret qanunlarla tənzimlənir və bu qanunlar hamı üçün eyni dərəcədə keçərlidir. Heç bir sahibkar, heç bir vəzifəli şəxs və ya adi vətəndaş bu çərçivədən kənara çıxa bilməz.

Bu hadisədə daha bir təhlükəli tendensiya özünü göstərir. Sosial mediada, xüsusilə TikTok platformasında bu cür davranışlara haqq qazandıranların olması. Bu, artıq təkcə bir şəxsin məsuliyyətsizliyi deyil, bu, cəmiyyət daxilində hüquqa hörmətsizliyin yayılması deməkdir. Əgər bu gün bir sahibkar açıq-aşkar işçiləri təhqir edib, onları alçaldaraq “haqlı” kimi özünü təqdim edirsə, sabah bu davranış normaya çevrilə bilər.

Unutmaq olmaz ki, əməkdaşlara qarşı təzyiq, təhqir və hədə-qorxu yalnız etik pozuntu deyil, bu, hüquq pozuntusudur. Bu cür hallara göz yummaq, onları sosial mediada “dəstəkləmək” isə hüququn və ədalətin aşınmasına xidmət edir.

Cəmiyyət olaraq bir seçim qarşısındayıq, ya qanunun aliliyini qoruyacağıq, ya da “güclü olan haqlıdır” prinsipi ilə idarə olunan xaotik bir mühitə sürüklənəcəyik. Bülbülədə baş verənlərə laqeyd qalmaq, əslində sabah öz hüquqlarımızın tapdalanmasına razı olmaq deməkdir.

Bu hadisə hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalı, qanunu pozan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Əks halda, bu gün bir reklam agentliyinin əməkdaşlarına qarşı edilən hörmətsizlik, sabah bütöv bir cəmiyyətin üzərinə kölgə salacaq.

Qanun hər kəs üçündür. Kimliyindən və imkanlarından asılı olmayaraq.

Arzuman Loğmanoğlu
Sozcu.info



Seçilən
106
4
aia.az

5Mənbələr