Azərbaycanla Qırğızıstan arasında energetika sahəsindəki əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Bunu "Report"a müsahibəsində Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayında Qırğızıstanla Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı SOCAR ilə Qırğızıstanın yanacaq-energetika bazarının müvafiq strukturları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsinə baxılıb: "Daha əvvəl ölkə başçıları Azərbaycandan Qırğızıstana yanacaq-sürtkü materiallarının tədarükü üzrə onların sıx qarşılıqlı fəaliyyətinə artıq start veriblər. Hazırda energetika sahəsindəki qarşılıqlı fəaliyyət kəşfiyyat, hasilat, emal və məhsulun satışı üzrə perspektivli birgə layihələrə doğru inkişafın yeni mərhələsinə qədəm qoyur".
Səfir qeyd edib ki, "yaşıl keçid" və enerji dəhlizləri məsələlərində qarşılıqlı fəaliyyət perspektivlidir.
"Əsas diqqət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu sahədə fəaliyyət göstərən Qırğızıstan şirkətləri ilə tərəfdaşlığının genişləndirilməsinə yönəldilir. Burada hidroenergetika, enerji balansının şaxələndirilməsi, yeni bazarlara (Avropa - red.) çıxış, texnoloji innovasiyaların mübadiləsi sahələrində təcrübə mübadiləsi vacibdir", - o vurğulayıb.
Mamıtkanov əlavə edib ki, Qırğızıstan "Mərkəzi Asiya-Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsini Mərkəzi Asiya və Qafqaz ölkələri arasında təcrübə və texnologiya mübadiləsi üçün perspektivli əməkdaşlıq istiqaməti kimi nəzərdən keçirir.
"Layihənin özü hazırda reallaşdırılmanın ilkin mərhələsindədir. Bununla əlaqədar Qırğızıstan tərəfi əvvəlcə niyyətlərini müvafiq sənədin rəsmiləşdirilməsi yolu ilə hüquqi baxımdan təsbit etmək üçün zəruri işlər aparmalıdır. Bundan sonra Qırğızıstan Azərbaycan, Qazaxıstan və Özbəkistanla yanaşı layihənin tamhüquqlu iştirakçısına çevriləcək", - o əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.