AZ

ÖLKƏDƏN MILYARDLARLA DOLLAR ÇIXARILIR... Pullarımız haralara gedir?

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Bankın hesabatında daha nələr var?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin yekunlarına dair tədiyyə balansının əsas göstəricilərini açıqlayıb. Rəqəmlər ölkənin xarici iqtisadi əlaqələrində maraqlı və bir qədər də düşündürücü meyillərdən xəbər verir. Xüsusilə, tədiyyə balansındakı kəsirin kəskin artması və kapital axınının miqyası diqqət mərkəzindədir.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirovun mətbuat konfransındakı açıqlamasına görə, 2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici cəmi 0,4 milyard dollar idi.

Cəmi bir il ərzində kəsirin 3,5 dəfə artması ekspert dairələrində müəyyən suallar doğurur.

Ümumi kəsir, sadə dillə desək, il ərzində ölkəyə daxil olan valyuta ilə ölkədən çıxan valyuta arasındakı mənfi fərqdir. Bu fərq isə birbaşa Mərkəzi Bankın ehtiyat aktivlərinin azalması hesabına qapanır. Lakin burada bir incə məqam var: AMB rəsmisi vurğulayır ki, bu rəqəm hesablanan zaman valyuta məzənnələrinin dəyişməsi və ya qızılın qiymət artımı (yenidənqiymətləndirmə) nəzərə alınmır. Yəni söhbət sırf iqtisadi əməliyyatlar nəticəsində baş verən real pul azalamasından gedir.

5 milyardlıq kapital axını: Pul hara gedir?

Baş bank rəsmisinin açıqlamasındaən maraqlı hissə isə kapital və maliyyənin hərəkəti ilə bağlıdır. Hesabata görə, 2025-ci ildə ölkədən kapital və maliyyə axını (mənfi saldo) təxminən 5 milyard dollar olub. Bu rəqəmin strukturuna gəlincə, xalis maliyyə aktivləri 5,4 milyard dollar artıb, yəni söhbət Azərbaycanın xaricdəki mülkiyyəti və investisiyalarından gedir.

Xalis maliyyə öhdəlikləri isə cəmi 0,4 milyard dollar artıb. Bu da xarici investrorların bir il ərzində Azərbaycana qoyduğu sərmayənin həcmidir.

Göründüyü kimi, Azərbaycan xaricə, xaricin bizə qoyduğundan 13 dəfədən çox vəsait yönəldib. Beləliklə, sözügedən 5 milyardlıq "maliyyə çıxışı"nın arxasında bir neçə faktor dayana bilər:

-Dövlət Neft Fondunun xarici investisiyaları: Neft gəlirlərinin xaricdəki aktivlərə (istiqraz, səhm) yönəldilməsi;

-Xarici borcların qaytarılması: Dövlət və iri şirkətlərin xarici kreditorlar qarşısında öhdəliklərini icra etməsi;

-Xarici neft şirkətlərinin mənfəət transferi: Hasilatın pay bölgüsü sazişləri çərçivəsində xarici tərəfdaşların öz paylarını ölkədən çıxarması.

Ticarət artığı niyə kəsiri örtə bilmir?

Qeyd edək ki, Azərbaycanın xarici ticarət balansı (ixrac-idxal fərqi) ənənəvi olaraq müsbətdir. Neft və qaz satışından ölkəyə milyardlarla dollar daxil olur. Lakin 2025-ci ilin mənzərəsi göstərir ki, artıq ticarətdən gələn valyuta "kapital hesabı"ndakı böyük boşluğu tam doldura bilmir. Təxmini hesablama ilə, əgər biz ticarətdən 3,6 milyard dollar qazanmışıqsa və xaricə 5 milyard dollar kapital axıtmışıqsa, nəticədə həmin 1,4 milyardlıq ümumi kəsir yaranır. Bu isə o deməkdir ki, dövlət öz ehtiyatlarından istifadə etmək məcburiyyətində qalıb.

2025-ci ilin tədiyyə balansı göstərir ki, Azərbaycan iqtisadiyyatı "xarici aktivlərin yığılması" mərhələsindədir. Dövlətin xaricdə mülkiyyət və maliyyə aktivlərini artırması strateji baxımdan müsbət olsa da, bu proses ölkənin cari valyuta ehtiyatlarını təzyiq altında saxlayır.

Əgər 2026-cı ildə enerji qiymətlərində ciddi eniş baş verərsə və ya idxalın həcmi məsələn, bərpa-quruculuq işləri fonunda daha da artarsa, Mərkəzi Bankın ehtiyatları üzərindəki yük daha da ağırlaşa bilər. Hazırkı mərhələdə manatın məzənnəsi üçün birbaşa təhlükə görünməsə də, valyuta axınlarının bu dinamikası yaxın gələcəkdə daha ehtiyatlı pul-kredit siyasətini şərtləndirir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
azpolitika.info

1Mənbələr