AZ

Azərbaycan əhalisinin heç 1% i də ipoteka ilə ev ala bilməyib

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib. 

Yanvar, fevral və mart aylarında paytaxtın bütün inzibati rayonlarında həm yeni tikili, həm də köhnə tikili mənzillərin kirayə qiymətlərində artım qeydə alınıb. Artım əsasən mərkəzi və biznes aktivliyi yüksək olan rayonlarda daha qabarıq müşahidə olunur. 

Maraqlıdır, kirayə qiymətlərinin artmasına səbəb nədir? 

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, son dövrlərdə Bakıda kirayə mənzil qiymətlərində müşahidə olunan artım daşınmaz əmlak bazarında baş verən struktur dəyişikliklərin məntiqi nəticəsidir: 

“Bu artımı təkcə mənzil satış qiymətlərinin bahalaşması ilə izah etmək düzgün olmaz. Ənənəvi yanaşmaya görə, satış bazarındakı artım kirayə bazarına təsir göstərsə də, hazırkı mərhələdə kirayə qiymətlərini daha çox tələb və təklif balansı müəyyən edir. Hazırda Bakı şəhərində kirayə mənzillərə tələbin artması bir neçə əsas faktorla bağlıdır. 

İlk növbədə, regionlardan Bakıya kütləvi miqrasiyanın davam etməsi, iş və təhsil imkanlarının paytaxtda cəmləşməsi kirayə bazarına ciddi təzyiq yaradır. Digər tərəfdən, mənzil satış qiymətlərinin yüksəlməsi və ipoteka şərtlərinin hər kəs üçün əlçatan olmaması əhalinin bir hissəsini kirayə bazarına yönəldir. 

AR İpoteka və Kredit Zəmanət Fondunun saytına daxil olanda görürük ki, bu 11 il ərzində təqribən 57 min insana kredit verilib. Bu, o deməkdir ki, Azərbaycan əhalisinin heç 1%-i belə bu imkanlardan yararlana bilməyib. Amma ABŞ-də 60%-dən çox, Britaniyada 50%-dən çox, hətta Belarusda belə əhalinin təqribən 20%-i ipotekadan yararlana bilib”. 

Eyni zamanda, təklifdə də məhdudiyyətlər mövcuddur:

“Köhnə yaşayış fondunun bir hissəsinin yenilənməsi və söküntülər nəticəsində kirayə bazarına çıxarılan mənzillərin sayı azalır. Ən ciddi problemlərdən biri tikinti sektorunda xərclərin artmasıdır ki, bu da yeni mənzillərin bazara daxil olmasını ləngidir və ümumi balansı pozur”. 

Ekspert qeyd edir ki, bununla yanaşı, bazarda investisiya məqsədilə alınan mənzillərin kirayəyə verilməsi zamanı sahibkarların qoyduğu qiymət gözləntiləri də qiymətlərin formalaşmasına təsir edir.

Yəni yüksək qiymətə əldə edilmiş mənzilin daha yüksək kirayə ilə təklif olunması bazarda ümumi qiymət səviyyəsini yuxarı çəkir. Qısacası, hazırkı şəraitdə kirayə bazarında qiymət artımının əsas drayveri tələb faktorudur. 

Əgər yaxın dövrdə təklifin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmasa, yəni əhalinin daha çox hissəsi – 5-10%-i bu imkanlardan yararlana bilməzsə, qiymətlərin sabitləşməsi çətin görünür. 

Hesab edirəm ki, bazarda tarazlığın təmin olunması üçün uzunmüddətli perspektivdə kirayə mənzil fondunun artırılması, əlçatan ipoteka mexanizmlərinin genişləndirilməsi və şəhərsalma siyasətində balanslı yanaşmanın tətbiqi xüsusi əhəmiyyət kəsb edir”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

ipoteka Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr