AZ

Sertifikasiyada yeni model təklifi: “Əsas məsələ test deyil, real nəticədir”

Bu gün Milli Məclisdə təklif olunub ki, müəllimlər 3 dəfə deyil, 2 dəfə sertifikasiyadan keçdikdən sonra bu prosesdən azad edilsinlər.

Maraqlıdır, belə bir yeniliyin tətbiqinə ehtiyac varmı?

AzEdu.az-a mövzu ilə bağlı sabiq deputat, əməkdar müəllim Sona Əliyeva açıqlama verib.

Müəllim elə bir peşə sahibidir ki, onun inkişafı heç vaxt bitmir və ya bitməməlidir:

“Mən bu təklifi ilk oxuyanda ixtiyarsız düşündüm: yaxşı, 3 dəfə yox, 2 dəfə - nə dəyişir? Yəni biz sertifikasiya prosesini sadəcə say olaraq qiymətləndiririk ki, neçə dəfə olması daha məqsədəuyğundur, yoxsa onun pedaqoji-akademik faydasını ölçürük? Problem yanaşmadadır. Sertifikasiya bu gün bir çox müəllim üçün inkişaf aləti kimi deyil, daha çox imtahan, bürokratik təzyiq və stres kimi qəbul olunur. Ona görə də “2 dəfə keçdim və canım qurtardı” fikri ilk baxışda cəlbedici görünür. Amma gəlin açıq danışaq: müəllim elə bir peşə sahibidir ki, onun inkişafı heç vaxt bitmir və ya bitməməlidir.

Dünya təcrübəsi də bunu göstərir. Məsələn, Finlandiyada müəllimlər tez-tez imtahana cəlb olunmur. Amma bu o demək deyil ki, onların biliyi ölçülmür və ya inkişaf etmirlər. Sadəcə yanaşma fərqlidir: müəllim dərs üzərindən qiymətləndirilir, məktəb daxilində inkişaf mühiti var, həmkarlarla əməkdaşlıq yüksək səviyyədədir. Sinqapurda isə müəllimlər ümumiyyətlə “imtahan verib rahatlaşan” modeldə deyil. Onların karyera yolu var və inkişafları davamlı izlənir. Yəni əsas fokus test və imtahan nəticəsi deyil, real nəticədir".

Yəni müəllimi iki dəfə imtahan etdik, sonra tamamilə azad etdik - bu nə qədər doğru yanaşmadır?

“Bizdə isə hələlik sertifikasiya daha çox yoxlama funksiyası daşıyır. Bu baxımdan 3 yox, 2 dəfə olması müəllim üçün yükü, daha dəqiq desək, stresi azalda bilər. Amma etiraf etməliyik ki, bu, problemin həlli deyil. Əgər müəllim 2 dəfə uğurla sertifikasiyadan keçibsə, bu onun baza səviyyəsini göstərir. Lakin bundan sonra onu tam "azad etmək" də düzgün yanaşma deyil. Müəllim ya inkişafda qalmalıdır, ya da sistem onu itirəcək.

Daha sağlam model necə ola bilər? Müəllim müəyyən mərhələdən sonra test imtahanından azad oluna bilər. Lakin onun fəaliyyəti davamlı izlənilməlidir: dərsi necə keçir, şagirdlərdə hansı dəyişikliklər baş verir, özü nə qədər inkişaf edir, yanaşması necədir, innovasiyalara və texnologiyalara nə dərəcədə açıqdır və bunları dərslərində necə tətbiq edir və s. Yəni müəllimi iki dəfə imtahan edib sonra tam azad etmək nə qədər doğrudur? Məncə, bu iki yanaşma arasında balans yaradılmalıdır.

Qısası, bu təklif anlaşılandır. Deputatlar müəllimlərin psixoloji vəziyyətini və üzləşdikləri çətinlikləri nəzərə alaraq onların üzərindəki təzyiqi azaltmaq istəyirlər. Amma əgər məsələ yalnız imtahan sayını azaltmaqdırsa, bu, ciddi nəticə verməyəcək. Buna görə də müəllimi davamlı inkişafda saxlayan, eyni zamanda yormayan və motivasiya edən model qurmaq lazımdır".

Seçilən
30
azedu.az

1Mənbələr