AZ

Bu məmurlar “Max” messencerinə inanmır

Rusiyanın məmurları, deputatlar və dövlət şirkətlərinin yüksək vəzifəli rəhbərləri milli messencer sayılan “Max” tətbiqindən imtina edirlər.

Musavat.com bildirir ki, bu barədə “Faridaily” nəşrinə hakimiyyət strukturlarında və dövlət şirkətlərində çalışan təxminən on nəfər mənbə məlumat verib.

Mənbələrdən birinin sözlərinə görə, bir çox məmur “Max” tətbiqini istifadə etmək üçün ayrı telefon və yeni SIM-kartlar alır.

Hökumətə yaxın mənbə bildirib ki, məmurlar arasında belə bir fikir yayılıb:

“Hamı düşünür ki, telefonuna “Max” quraşdırmısansa, sanki onu FTX-yə təhvil vermisən”.

Bəzi rəsmilər messencerdə öz adi telefon nömrələri ilə qeydiyyatdan keçsələr də, bunun üçün ayrı smartfonlar alırlar. Digərləri isə şəxsi telefonlarındakı kontaktları “Max” üçün aldıqları telefonlarla sinxronlaşdırmırlar və həmin cihazlardan yalnız iş əlaqələri üçün istifadə edirlər.

Federal qurumlardan birində çalışan mənbə bildirib ki, əksər məmurlar “Telegram”dan imtina etmək istəmir.

“Heç kim “Telegram”dan getmək istəmir. Hamı ümid edir ki, Pavel Durov bloklamaları keçmək üçün hansısa yol tapacaq və ya problem öz-özünə həll olunacaq”, – deyə o qeyd edib.

Məlumata görə, həmin məmur bu günə qədər rəhbəri və komandası ilə “Telegram” vasitəsilə əlaqə saxlayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hələ də uzun illər istifadə etdiyi iş nömrəsi ilə “Max” messencerində qeydiyyatdan keçməyib. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova, müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov artıq bu messencerdə qeydiyyatdan keçiblər.

Musavat.com

Seçilən
85
musavat.com

1Mənbələr