Mərkəzi Bank 2025-ci il üzrə Tədiyə balansını açıqlayıb.
Qeyd edilib ki, 2025-ci il üzrə tədiyə balansı1 qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indeks dəyişkənliyindən təsirlənmişdir. Cari əməliyyatlar balansında 3.5 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5.4 mlrd.$, xalis xarici maliyyə öhdəlikləri isə 0.4 mlrd.$ artmışdır.
Vurğulanıb ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 4.6% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1.4 mlrd.$ azalmışdır. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 14.1 mlrd.$ artaraq 85.1 mlrd.$-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 68.5$/barel olmuşdur.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2025-ci il üzrə cari əməliyyatlar hesabının profisiti 3.5 mlrd.$ və ya ÜDM-in 4.6%-ni təşkil etmişdir (2024-cü il üzrə 4.7 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti 2024-cü ilə nəzərən 8.1% daralaraq 13.8 mlrd.$, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 0.3% azalaraq 10.3 mlrd.$ məbləğində olmuşdur.
