AZ

"Təslim olmamışıq" - Elvin Yunuszadə

style='margin-bottom:10px;'>

“Karvan-Yevlax”ın kapitanı Elvin Yunuszadənin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 24-cü turunda “Araz-Naxçıvan”a məğlub oldunuz (1:2). Ardıcıl üçüncü matçda xal qazanmağınız üçün nə çatmadı?

- Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Ona görə də maraqlı oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Bu cür oyunlarda kim fürsətlərdən daha yaxşı istifadə edirsə, o da qalib gəlir. Təəssüf ki, biz şanslarımızı boşa verdik. 

- Halbuki matça yaxşı başlamışdınız...

- Bəli, ilk dəqiqələrdən üstünlük bizim tərəfimizdə idi. Qol şanslarımız olsa da, dəyərləndirə bilmədik. 0:2-dən sonra geridönüş etmək heç də asan deyil. Buna baxmayaraq, sona qədər mübarizə apardıq.  

- Adətən autsayder mövqeyində olan komanda fasiləyə 2 top fərqi ilə geridə yollanırsa, artıq təslim olur. Lakin siz ikinci hissədə məğlubiyyətdən qaçmaq üçün çox çalışdınız. Oyundan qopmamağınıza nə kömək oldu?

- Əvvəla, turnir cədvəlində sonuncu yerdə olsaq da, son 3 turda komandamız yaxşı futbol sərgiləyir. Ümumiyyətlə, kollektivdə irəliləyiş olduğu göz önündədir. Buna qədər “Sumqayıt” və “Qəbələ” ilə matçlarda da xal qazanmışdıq. O ki qaldı oyundan qopmamağa, fasilədə söhbətimiz oldu. Baş məşqçi Füzuli Məmmədov öz tapşırıqlarını verdi, çatışmazlıqları, səhvlərimizi dedi. Füzuli müəllim təslim olmağımıza imkan vermir. Məhz o inamın sayəsində ikinci hissədə tam gücümüzlə mübarizə apardıq. Qol epizodlarından daha yaxşı istifadə etsəydik, xal qazanardıq. 

- Belə çıxır ki, “Karvan-Yevlax” qələbə qazanmaq üçün hesabı açan tərəf olmalıdır?

- Düzünü demək lazımdır ki, bizim kimi komandalar üçün açıq futbol oynamaq asan deyil. Qol vurub qapanmağımız rəqibərlə də çətinlik yaradacaq. “Araz-Naxçıvan”la ilk dövrənin oyununda da xal qazanmağa yaxın idik. Son dəqiqədə rəqib penaltidən qələbə qolunu vurdu. İlk qol vurmağımız həqiqətən də matçın ssenarisini xeyrimizə dəyişir. 

- Sona 9 tur qalıb və 11-ci pillədən 8 xal geridəsiniz. Liqada qalmaq ümidləriniz hələ tükənməyib?

- Xeyr. Ola bilər əksəriyyət fərqli düşünür. Lakin biz 9 turdan 3-də qalib gəlsək, hədəfimizə çatacağıq. Başa düşürəm ki, bu, çox çətindir. Lakin imkansız deyil. Üstəlik, həm “Kəpəz”, həm də “Qəbələ” ilə qarşılaşacağıq. Bu, 6 xallıq oyunlar olacaq. Həmin görüşlərdə qələbə qazanmaqla mövqeyimizi xeyli yaxşılaşdıra bilərik. Bir sözlə, təslim olmamışıq. Futbolda vəziyyəti həmişə dəyişmək mümkündür. 

Seçilən
13
1
teleqraf.com

2Mənbələr