AZ

I Qarabağ veteranın ailəsindən ŞİKAYƏT: “Xəstəxanada oğlumu hər gün döyürlər... ” » AzadMedia.az


““Hər dəfə xəstəxanaya gedəndə oğlumu göyərmiş vəziyyətdə görürəm. Üzü-gözü, bədəni gömgöy olur. Uşağıma zülm verirlər”. Bu sözləri Azadmedia.az-a Bakı sakini Təranə Əhmədova Tofiq qızı deyir. Onun sözlərinə görə, oğlu İbrahimov İbrahim Habil oğlu hazırda Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 8-ci şöbəsində müalicə alır.
Ana bildiri ki, oğlu xəstəxanada tez-tez zorakılığa məruz qalır.
“Oğlum ruhi xəstədir. Hər həftə ona baş çəkməyə gedirəm və eyni mənzərə ilə qarşılaşıram. Üzü-gözü, bədəni gömgöy olur. O ki var döyürlər. Buna iynə vurun, sakitləşsin, bu hala niyə salırsınız. Hər dəfə bu yolu ağlaya-ağlaya gedirəm, ağlaya-ağlaya qayıdıram”, – deyə Təranə İbrahimova bildirir.
Onun iddiasına görə, oğluna əsasən gecə növbəsində fiziki zor tətbiq olunur: “Gecə növbəsində döyürlər. Orada 4 nəfər sanitar var. Deyirəm ki, hər gün döyürlər. Mən nə edim? Nə qədər özbaşınalıq olar?”
Şikayətçi bildirir ki, məsələ ilə bağlı bir dəfə Səhiyyə Nazirliyinə də müraciət edib. Lakin vəziyyətin dəyişmədiyini deyir.
“Hər dəfə xəstəxanaya gələndə görürəm ki, uşağımı döyüblər. Sakitcə çıxıb gedirəm. Ürəyimi qubar bağlayır. Evə gedib səhərə qədər yata bilmirəm. Təzyiqim qalxır, təcili yardım çağırmalı oluram. Belə olmaz axı”, – deyə o bildirir.
Təranə İbrahimovanın sözlərinə görə, oğlu artıq 8 aydır xəstəxanada müalicə alır. O, oğluna əlillik təyin olunması üçün də kömək istəyir: “Oğlumun pensiyası yoxdur. Mən onu həkimlərə apara bilmirəm ki, sənədlərini düzəldim. Poliklinikaya aparmaq lazımdır. Amma maraqlanmışam, xəstəxanada yata-yata da pensiya çıxarmaq mümkündür. Baş həkimdən kömək istəmişəm. Demişəm ki, yoldaşım yoxdur, tək qadınam, bir oğlum var, bir də özüməm. Gücüm çatmır, onu maşına mindirib aparmağa imkanım yoxdur”.
Ana bildirir ki, oğlunun sağlamlıq vəziyyəti də ağırdır: “Oğlumun ayağında da yarası var. Bir neçə dəfə əməliyyat olunub. Maddi imkanım da yoxdur. Əgər 2-ci və ya 3-cü qrup əlillik versələr, heç olmasa dövlətdən müəyyən məbləğdə pul alaram, dərmanlarını təmin edə bilərəm. Heç olmasa dərmanları pulsuz verərlər”.

Onun sözlərinə görə, məsələ ilə bağlı xəstəxananın rəhbərliyinə də müraciət edib: “1 saylı psixiatriya xəstəxanasının baş həkiminə demişəm ki, oğluma əlillik təyin olunması üçün kömək edin. Amma deyirlər ki, uşağı aparın poliklinikaya, oradan sənəd alın. Uşağı apara bilsəydim, niyə xəstəxanaya yatırardım? Heç olmasa oğlumun əlillik pensiyası olsaydı, onu evə aparıb özüm baxardım”.
Təranə İbrahimova həmçinin qeyd edir ki, həyat yoldaşı I Qarabağ müharibəsinin iştirakçısı olub. “Həyat yoldaşım I Qarabağ savaşında vuruşub. Amma görün, veteranın oğluna necə münasibət göstərilir”, – deyə o bildirib.
Çarəsiz qaldığını deyən ana aidiyyəti qurumlardan kömək istəyir: “Xahiş edirəm, mənə bir yol göstərsinlər. Mənim imkanım yoxdur deyə kömək etmirlər. Amma mən də tək qadınam, başqa çıxış yolum yoxdur”.
Elnurə Abuşova
Seçilən
72
1
azadmedia.az

2Mənbələr