AZ

İynə kəsilib, ümid də… – Dağınıq skleroz xəstələri niyə unudulub? » AzadMedia.az


Azərbaycanda dağınıq sklerozdan əziyyət çəkən xəstələr artıq iki aydır həyati əhəmiyyətli dərman – “Avoneks” iynəsini ala bilmədiklərini bildirirlər. Bu, sadəcə bir dərman məsələsi deyil. Bu, hər gün bir az da hərəkət qabiliyyətini itirən insanların taleyi, həyat keyfiyyəti və sabahı ilə bağlı məsələdir.
Xəstələrin sözlərinə görə, “Avoneks” iynəsi onların xəstəliyinin irəliləməsinin qarşısını alan əsas vasitələrdən biridir. Bu iynə kəsildikdə isə nəticə gecikmir: əzələlər zəifləyir, hərəkət məhdudlaşır, bəzi hallarda isə insan tamamilə hərəkətsiz qalır. İki ay sağlam insan üçün qısa müddət kimi görünə bilər, amma dağınıq skleroz xəstəsi üçün bu, geri dönməz dəyişikliklərin başlanğıcıdır.

Xəstə yaxını Pərvanə Həsənova deyir ki, onlar dəfələrlə aidiyyəti qurumlara müraciət edib, lakin konkret cavab ala bilməyiblər. Sosial şəbəkələrdə, mediada səslərini çatdırmağa çalışırlar. Onların istəyi sadədir: “Dərmanımızı verin, yaşaya bilək”.
Məsələyə cavab olaraq TƏBİB bildirir ki, ölkədə dağınıq skleroz xəstələrinin müalicəsi dövlət proqramı çərçivəsində həyata keçirilir. Qurumun Azadmedia.az-ın sorğusuna verdiyi açıqlamada qeyd olunur ki, pasiyentlər erkən diaqnostika, müalicə və reabilitasiya xidmətləri ilə təmin edilir, həmçinin zəruri dərman preparatları dövlət hesabına təqdim olunur.
Daha da diqqət çəkən məqam isə budur: TƏBİB-in rəsmi mövqeyinə görə, hazırda dərman təminatında “heç bir problem qeydə alınmayıb”. Bildirilir ki, ixtisaslaşmış tibb müəssisələri lazımi dərmanlarla təchiz olunub və paylanma qrafikə uyğun davam edir.
Bəs o zaman sual yaranır:
Əgər problem yoxdursa, iki aydır iynə ala bilməyən bu xəstələr kimdir? Onlar niyə şikayət edir? Söhbət fərdi hallardan gedir, yoxsa sistemli bir problemdən?
Reallıqla rəsmi açıqlama arasındakı bu ziddiyyət ciddi narahatlıq doğurur. Çünki burada söhbət statistikadan yox, real insanlardan gedir. Bu insanlar hər gün bir az daha sağlamlıqlarını itirirlər.
Səhiyyə sistemində kağız üzərində “problem yoxdur” demək kifayət etmir. Əsas məsələ dərmanın xəstəyə çatıb-çatmadığıdır. Əgər çatmırsa, deməli problem var, həm də çox ciddi.
Aidiyyəti qurumların bu məsələyə daha həssas yanaşması, şikayətləri yerində araşdırması və cəmiyyətə aydın, şəffaf cavab verməsi vacibdir. Çünki bu gün cavabsız qalan suallar sabah geri dönməz nəticələrə səbəb ola bilər.
Xəstələrin isə hələ də bir ümidi var: səsinin dövlət tərəfindən eşidilməsi.

Elnurə Abuşova
Seçilən
31
1
azadmedia.az

2Mənbələr