Türkiyə hakimiyyəti Rusiya, ABŞ və Ukrayna arasında növbəti danışıqlar raunduna ev sahibliyi etməyi təklif edib.
Məlumata görə, təşəbbüs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından gəlib. Ankara Ukrayna münaqişəsinin nizamlanması üzrə yeni mərhələdə vasitəçi kimi çıxış etməyə hazır olduğunu açıqlayıb və tərəfləri İstanbulda görüşə dəvət edib.
Bununla yanaşı, Türkiyə tərəfi vurğulayıb ki, bu təşəbbüs məcburi deyil və yekun qərar danışıqlarda iştirak edən tərəflərin özlərindən asılıdır.
“Türkiyə tərəfi ən yüksək səviyyədə Ukrayna ilə bağlı yeni danışıqlar raundunda vasitəçilik təklifini açıq şəkildə irəli sürüb, lakin onların keçirilməsi ilə bağlı qərarı tərəflər özləri qəbul edir”, – deyə Ərdoğan administrasiyasından bildirilib.
Ankarada həmçinin qeyd olunub ki, Türkiyə bu cür danışıqların ən yüksək səviyyədə təhlükəsizliyini təmin etmək imkanına malikdir.
Rəsmi açıqlamada vurğulanıb ki, Moskva, Vaşinqton və Kiyevin bu məsələdə hər hansı şübhəsi olmamalıdır.