AZ

Azərbaycanda yeni doğulanların sayının kəskin azalmasının səbəbləri: valideynlərə dəstək olmaması, ölkədən beyin axını...

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanda doğulan uşaqların sayı ilbəil azalır. Əhalinin artım tempində kəskin azalma gələcəkdə bir sıra problemlərə yol aça bilər.

Bizimyol.info xəbər verir ki, mümkün problemlərdən birini bugünlərdə parlamentdə Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov dilə gətirib. O bildirib ki, uşaq doğumunun kəskin azalması məktəblərdə müəllimlərin ixtisarına gətirib çıxara bilər.

Son 10 il ərzində Azərbaycanda yeni doğulanların sayında 65 minə qədər azalma var. 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 95 min 875 olub.

Əli Əhmədovun sözlərinə görə, məktəblərdə şagirdlərin sayının azalması müəllimlərin ixtisarı riskini yaradır: “2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər”.

Əli Əhmədov yeni doğulanların sayının azalmasının ölkə üçün yarada biləcəyi başqa bir problemdən də danışıb. O bildirib ki, bu tendensiya bir neçə onillikdən sonra əmək qabiliyyətli əhali ilə pensiyaçılar arasında nisbət fərqini kəskin dəyişə bilər. Bu isə birbaşa ölkənin iqtisadi durumuna təsir göstərən faktordur.

“Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq”, - deyə Əli Əhmədov əlavə edib.

Son 10 il ərzində doğulanların sayı ilə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri təqdim edirik:

2016-cı ildə 159 min 464 uşaq;2017-ci ildə 144 min 41 uşaq;2018-ci ildə 138 min 982 uşaq;2019-cu ildə 141 min 179 uşaq;2020-ci ildə 126 min 521 uşaq;2021-ci ildə 112 min 284 uşaq;2022-ci ildə 122 min 846 uşaq;2023-cü ildə 112 min 620 uşaq;2024-cü ildə 102 min 310 uşaq;2025-ci ildə 95 min 875 uşaq.

Təhsil məsələləri üzrə ekspert Lətifə Əliyeva deyir ki, yeni doğulanların sayında kəskin azalma təhsil sektoruna mərhələ-mərhələ təsirini göstərəcək. Onun sözlərinə görə, öncə ibtidai siniflərdə özünü büruzə verəcək.

“Ölkədə baş verən proseslər təhsil sektoruna birbaşa təsir göstərir. Biz bunun təsirini artıq görürük, hiss edirik. Məsələn, Bakı məktəblərindəki siniflərdə şagird sıxlığı yuxarı olduğu halda, regionlarda vəziyyət fərqlidir. Bu da ondan irəli gəlir ki, bölgələrdən paytaxta axın var, ailələr iş və s. səbəblərlə köçüb gedirlər. Nəticədə bölgələrdə məktəblərdə şagird sayı azalır. Bu da siniflərin birləşdirilməsi, müəllimlərin dərs saatlarının azalması, ixtisarlar kimi məsələləri ortaya çıxarır. Demək istədiyim budur ki, indidən bu cür problem var. Bir neçə il sonra – yeni doğulanların sayı azaldıqca problem daha da kəskinləşəcək”, - keçmiş müəllim bildirib.

İqtisadçı Vüqar Tağıyev Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, əhalinin artım tempinin kəskin azalması tahsil sektoru ilə yanaşı, başqa sahələrə də təsir göstərəcək. Onun sözlərinə görə, hökumət bu məsələ ətrafında düşünməli, çıxış yollarını götür-qoy etməlidir: “Əhalinin artım tempindəki azalmanın bir neçə səbəbi var. Bunların birincisi sosial-iqtisadi vəziyyətdir. Bu səbəbdən əvvəlki dövrlərdən fərqli olaraq, indi cütlüklərin əksəriyyəti bir və ya iki uşaq sahibi olmağa üstünlük verir. Çünki dünyaya gələn uşağın böyüdülməsi ilə bağlı məsuliyyət demək olar ki, bütünlüklə valideynin üzərindədir. Dövlət uşağa görə dövlət müavinət vermir. Bir çox gənclər, yaxud da gənc ailələr iş, təhsil və s. məsələlərlə əlaqədar ölkəni tərk edirlər. Onlar gələcəklərini yaşamaq üçün cəlbedici olan xarici ölkələrdə qurmağa üstünlük verirlər. Onların övladları da Azərbaycandan kənarda dünyaya gəlir. Çox təəssüf ki, ölkədən düşünən beyinlərin axını da sürətlə gedir. Belə adamların getməsi ölkənin ziyanınadır. Mütləq çıxış yolları ətrafında düşünmək lazımdır”.

Ekspertin fikrincə, uşağa görə müavinətlərin təyini, təhsil xidmətlərində ailələrə yardımlar və s. üsullarla dövlət dəstək verərək, prosesə təsir göstərə bilər.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
icma.az

1Mənbələr