İran Futbol Federasiyası FİFA-ya müraciət edib. Müraciətdə 2026-cı il dünya çempionatının qrup mərhələsi oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi xahiş olunub.
QOL.az xəbər verir ki, bu barədə İranın Meksikadakı səfirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
İran Futbol Federasiyasının prezidenti Mehdi Təc bildirib: “Tramp açıq şəkildə bildirdi ki, İran milli komandasının təhlükəsizliyini təmin edə bilməz. Biz ABŞ-a getməyəcəyik. FİFA ilə dünya çempionatının oyunlarının Meksikada keçirilməsi barədə danışıqlar aparırıq”.
Turnir ilk dəfə üç ölkədə – ABŞ, Kanada və Meksika (11 iyun-19 iyul tarixlərində) keçiriləcək. İlkin cədvələ əsasən, İran milli komandası bütün üç oyununu ABŞ ərazisində keçirməlidir.
Daha öncə İranın DÇ-2026-dan imtina etmək istədiyi açıqlanıb. Lakin Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con bazar ertəsi bildirib ki, İran hələ də dünya çempionatında iştirak etməyi planlaşdırır.