ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Etibar CƏBRAYILOĞLU
...səksənə çatanda səksənir hamı...”
(Ramiz Rövşən)
“Cümlə qurmaq dövlət qurmaqdan çətindir”, - deyən görkəmli yazıçı Seyran Səxavətin 80 illiyi ilə bağlı yazıya hansı cümlə ilə başlamaq olar? Əziz və doğma insanın yubileyi addım-addım yaxınlaşır, cümlə isə qurulmur ki, qurulmur. Deyəsən axı Seyran Səxavət bir çox məsələdə olduğu kimi bu məsələdə də haqlı kimi görünür...
Seyran Səxavətin ədəbi-bədii yaradıcılığı, ictimai yeri və mövqeyi barədə təxminən elə altmış ildi yazırlar, deyirlər, təhlil edirlər. Gənc ədəbiyyatşünaslardan, tənqidçilərdən tutmuş nəhəng akademiklərə qədər çoxları bu işlə məşğul olub. Yazılanları, deyilənləri bir də təkrar etməyə başlasaq bu ustad yazıçının növbəti yubileyinə qədər ancaq bitər. Necə deyərlər, görünən dağa nə bələdçi?
Amma bir məsələ də var, Seyran Səxavət özü haqqında hər yazılanı bəyənən deyil. “Yüz ilin kişisi”ni, “Daş evlər”i, “Qapıların o üzündə qalan dünya”nı, “Bir stəkan hava”nı, “Ehtiyatlı olun qapılar bağlanır”ı yazanın buna haqqı var! “Qızıl teşt”, “Büst” pyeslərinin, “Nekroloq”, “Qaçhaqaç” romanlarının, “Kenquru” povestinin müəllifini necə təəccübləndirmək olar axı?

Az qala bütün məmləkətin elliklə yığışıb 80 illik yubileyini qeyd etməyə hazırlaşdığı Seyran Səxavət isə hamını təəccübləndirir. Öz istedadı, geniş dünya görüşü, prinsipiallığı, vətəndaş mövqeyi, şirin Qarabağ ləhcəsi və həyatsevərliyi ilə. Təsadüfi deyil, istedadlı yazıçı bu gün telekanalların ən arzu olunan qonağından biridir. Sosial şəbəkələrdə ən çox izlənən insanlardandır. Seyran Səxavət danışır, özü də olduqca maraqlı danışır. Amma o, bəzi dil pəhləvanlarından fərqli olaraq həm də yazır. Özü də olduqca maraqlı yazır. Yəni Seyran Səxavətin danışığının arxasında mətn, əsər, böyük ölçüdə əsl ədəbiyyat var!
Baharın nəfəsi duyulan bu günlər bizi Seyran Səxavətin 80 illik yubileyinə yaxınlaşdırır. Arzumuz budur ki, müdrik yubilyarın gənclik əzmi, həyat eşqi tükənməsin. Hələ uzun illər telekanallarda, mətbuat səhifələrində, sosial şəbəkələrdə, rəsmi tədbirlərdə, dost-tanış məclislərində Seyran müəllim yenə maraqla danışsın. Sırası gündən-günə azalan qəzet səhifələrində, ədəbiyyatla bağlı jurnallarda Seyran müəllimin yeni bədii əsərlərini oxuyaq. Təzə kitablarının mətbəə iyi qurumadan onun təqdimatını keçirsin, oxucularını da başına yığıb onlara həvəslə avtoqraf paylasın, bolluca şəkil çəkdirsin.
Seyran Səxavəti uzun illərdi çox yaxından və yaxşı tanıyıram, bütün bunları etməyi bacarandı. Acığa düşəndə bundan artığını da edə biləndi...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.