AZ

“İcbari tibbi sığortanı elə şəkildə təşkil etməliyik ki, orada basabas olmasın” -Professor

Deputat Azay Quliyev Milli Məclisin iclasında bildirib ki, uzun illər eyni həkimin nəzarətində olan vətəndaş həmin həkim sığorta sisteminə daxil olmayan müəssisədə çalışdıqda ya xidmət almaq imkanından məhrum olur, ya da əlavə ödəniş etməli olur. Bu baxımdan, millət vəkili hesab edir ki, xəstələrə seçim azadlığının verilməsi daha ədalətli yanaşma olar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında qeyd etdi ki, icbari tibbi sığortada dünyanın heç bir yerində həkim seçimi yoxdur:

"Mən gəldim dövlət xəstəxanasına, istəyirəm ki, mənə filan həkim baxsın — belə şey dünyada yoxdur. Səhiyyəyə güvən var, bütün həkimlərin peşəkarlığına güvən var. Dünyada yaxşı və ya pis həkim anlayışı da yoxdur. Kim istəyir yaxşı xidmət alsın, onlar üçün özəl mülkiyyətli xəstəxanalar var. Bəzi həkimlər də əlavə qazanc mənbəyi üçün həmin klinikalarda çalışırlar, xəstələr onların xidmətindən yararlana bilər".

Professor vurğuladı ki, Azərbaycanda kifayət qədər savadlı həkimlər var:

"İstər sovet dövründə çalışmış, istərsə də hal-hazırda Qərb təbabətindən dərs almış, rezidentura keçmiş, qardaş Türkiyədə, Avropa ölkələrində təhsil almış gənc kadrlar var. Yəni bunların hamısı kifayət qədər yaxşı həkimlərdir. Dünyanın heç bir yerində həkimlər öz bacarıqları ilə Azərbaycandan fərqlənmirlər. Bəli, müəyyən imkanlar, inkişaflar var — avadanlıq sahəsində, ayrı-ayrı texniki yeniliklərin, elmi yeniliklərin həyata keçirilməsi baxımından Avropa, Amerika, qardaş Türkiyə bizdən irəlidədir. Amma həkimlərin kadr potensialı baxımından burada da kifayət qədər yaxşı mütəxəssislər var. Sadəcə, bu xəstələrin həkim seçimi imkanı mövcuddur. Digər tərəfdən, əgər söhbət həkimə öyrəşməkdən gedirsə, bu artıq başqa məsələdir. Belə ki, dispanser uçotunda olan xəstələr — şəkərli diabet, endokrin və vərəm xəstələri və sair — təbii olaraq öz həkimlərinin nəzarətində qalırlar. 

Amma digər xəstələr üçün problem yoxdur. Yəni həmin dövrdə təcili cərrahi əməliyyata ehtiyac yaranarsa, əməliyyatı kimin aparmasının ciddi fərqi olmur. Ona görə də hesab edirəm ki, səhiyyəyə, bütövlükdə sistemə güvən olmalıdır, nəinki fərdi həkimlərə. O baxımdan dövlət xəstəxanalarında icbari tibbi sığortanı elə şəkildə təşkil etməliyik ki, orada basabas olmasın, elektron növbəlilik təmin olunsun. Xəstə səliqə ilə gəlsin, həkimin qəbuluna düşsün, orada lazım olan müayinələr təyin olunsun, prosedurlar təyin olunsun, o prosedurları keçsin və öz evinə qayıtsın".

A.Qeybullanın fikrincə, ailə həkimi institutu inkişaf etməlidir:

"Çünki sahə həkimləri institutu demək olar ki, dağıdılıb, fəaliyyət göstərmir. Amma ailə həkimi institutu çox vacibdir. Bu, xəstələr haqqında ilkin məlumatların toplanması, lazımi həkimə yönəldilməsi, ilkin əlaqələrin yaradılması baxımından çox vacibdir".

Aytəkin TOFİQQIZI

Seçilən
49
redaktor.az

1Mənbələr