Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın süni intellekt çipləri sahəsində lider şirkəti "Nvidia" gəlir proqnozlarını əhəmiyyətli dərəcədə artırıb.
Şirkətin baş direktoru bildirib ki, "Blackwell" və "Rubin" çiplərindən 2027-ci ilin sonuna qədər ən azı 1 trilyon dollar gəlir əldə olunacağı gözlənilir. Bu, əvvəl açıqlanan – 2026-cı ilin sonuna qədər 500 milyard dollar satış proqnozundan xeyli yüksəkdir.
Yeni proqnoz süni intellekt texnologiyalarına, xüsusilə də böyük dil modelləri və data mərkəzləri üçün nəzərdə tutulan yüksək performanslı çiplərə olan kəskin tələbatın davam etdiyini göstərir. Bununla belə, ümumi rəqəmlər artımın sürətlə genişləndiyini deyil, daha çox sabit yüksək səviyyədə davam etdiyini ortaya qoyur.
Şirkətin səhmləri bazar ertəsi günü ticarətdə əvvəlcə 4,8% yüksəlsə də, sonradan bu artımın böyük hissəsini geri itirib. Bu isə investorların hələ də bazarın davamlı böyüməsinə dair daha güclü siqnallar gözlədiyini göstərir.
Qeyd edək ki, "Nvidia" süni intellekt çiplərinə artan xərclər fonunda dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib. Bununla yanaşı, şirkət həm "Advanced Micro Devices" kimi rəqiblərlə, həm də öz çiplərini hazırlamağa çalışan iri texnologiya müştəriləri ilə rəqabətlə üz-üzədir.
Son aylarda "Nvidia" səhmlərinin artımı məhdud qalsa da, şirkətin bazar kapitallaşması təxminən 4,4 trilyon dollar səviyyəsində qalmaqdadır.