AZ

Şəxsi həyatın toxunulmazlığının qorunması gücləndirilir

Rəqəmsal texnologiyalar və süni intellekt müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilərək sürətlə inkişaf edir. Bu texnologiyalar müxtəlif sahələrdə yeni imkanlar yaratsa da, bəzi hallarda onların qanunsuz və zərərli məqsədlərlə istifadəsi də müşahidə olunur. 

Məhz buna görə bir çox ölkə bu sahədə hüquqi tənzimləmələrin yaradılmasına başlayıb. Azərbaycanda da süni intellekt texnologiyalarının yaratdığı risklərin qarşısını almaq məqsədilə qanunvericiliyə dəyişikliklər hazırlanıb.

Ötən həftə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə videokonfrans formatında keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Layihə süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audiomaterialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Həmin halların qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Bu gün informasiya mühiti əvvəlki illərlə müqayisədə tamamilə fərqli bir mərhələyə daxil olub. Süni intellekt vasitəsilə real insanın görüntüsünü və ya səsini təqlid edən materiallar hazırlamaq artıq texniki baxımdan çox asandır. Bu isə bəzən insanların şəxsi həyatına müdaxilə, ictimai rəyin manipulyasiyası və cəmiyyətdə çaşqınlıq yaradılması kimi problemlərə səbəb olur. Dünyada "deepfake" kimi tanınan bu texnologiya artıq informasiya təhlükəsizliyi üçün ciddi risklərdən biri hesab edilir. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmin qanun layihəsinin əhəmiyyətindən bəhs edərək deyib: "Rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiqi informasiya mühitinin transformasiyasına, yeni innovativ imkanların yaranmasına şərait yaradır. Bununla yanaşı, qeyd olunan texnologiyaların yaratdığı imkanlardan qanunsuz və zərərli məqsədlərlə istifadə halları artır. Bu cür hallar şəxsi həyatın toxunulmazlığına müdaxilə, habelə ictimai rəyin manipulyasiyası və cəmiyyətdə çaşqınlıq yaranması baxımından həmin sahədə müvafiq hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edir". 

Məhz bu səbəbdən ölkəmizdə həmin sahənin hüquqi tənzimlənməsi istiqamətində addımların atılması gündəmdədir. Təklif olunan qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni 148-2 və 242-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur. Bu maddələrə görə, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audiomaterialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradacaq. Bu dəyişikliklər insanların şəxsi həyatının toxunulmazlığının qorunması baxımından mühüm addımdır. Həmçinin qanun layihəsi rəqəmsal dövrün çağırışlarına uyğun hüquqi çərçivənin formalaşdırılması istiqamətində əhəmiyyətlidir. Çünki texnologiya inkişaf etdikcə onun yaratdığı problemlər də dəyişir və dövlətlər bu prosesə uyğun yeni hüquqi mexanizmlər yaratmağa məcbur qalırlar.

Beləliklə, yeni dəyişikliklər vətəndaşların hüquqlarının qorunmasına və informasiya təhlükəsizliyinin güclənməsinə xidmət edəcək. 

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr