ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın Saraqosa şəhərində aparılan arxeoloji tədqiqatlar zamanı antik Roma dövrünə aid körpü qalıqları aşkar edilib. Tədqiqatçıların fikrincə, bu tapıntı tarixi Kesariyaqusta şəhərini su ilə təmin edən qədim şəbəkənin mühüm elementlərindən biridir.
Oxu.Az xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.
Qədim artefaktlar San-Migel meydanındakı tikinti işləri zamanı tapılıb. Mütəxəssislər tapıntının eramızın I əsrinə aid olduğunu ehtimal edirlər. Aşkar edilən bu mühəndislik obyekti Huerva çayından yaşayış məntəqəsinin hündür hissələrinə su daşıyan akveduk (su ötürücüsü) və sifon funksiyasını yerinə yetirib.
Saraqosa Şəhər Bələdiyyəsinin Arxeologiya İdarəsinin rəhbəri Xose Xuan Dominqo bildirib ki, bu kəşf Roma dövründəki şəhərsalma prosesləri və suyun paylanması haqqında qiymətli məlumatlar təqdim edir.
Mütəxəssislər vurğulayırlar ki, sözügedən nadir hidravlik qurğu antik dövrün mühəndislik şəbəkələrini daha dərindən öyrənməyə, həmçinin tarixi şəhərlərdə suyun nəqli sisteminə aydınlıq gətirməyə şərait yaradacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.