AZ

Tramp: Hörmüz boğazında gəmiçiliyin qorunması üçün koalisiya barədə danışıqlar aparılır

Vaşinqton bir neçə xarici tərəfdaşla Hörmüz boğazında məhdudiyyətsiz gəmiçiliyin təminatı üçün koalisiya yaratmaq imkanlarını müzakirə edir.

"Report"un məlumatına görə, bu açıqlamanı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

Onun sözlərinə görə, ABŞ başqa dövlətlərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirir, lakin bunu vacib hesab etmir.

"Mən onların aqressiv lobbiçiliyi ilə məşğul olmuram. Mənim mövqeyim belədir: bizə heç kim lazım deyil; biz dünyanın ən güclü ölkəsiyik. Bəzi hallarda, mən bunu daha çox onların necə reaksiya verəcəyini görmək üçün edirəm", - Tramp qeyd edib.

Amerika lideri bu məsələni 15 martda Fransa Prezidenti Emmanuel Makronla telefonla müzakirə etdiyini bildirib.

Tramp Fransa liderinin bu məsələ ilə bağlı mövqeyini "0-dan 10-a qədər şkala üzrə təxminən 8" kimi qiymətləndirib.

"Düşünürəm ki, o, kömək edəcək", - ABŞ Prezidenti əlavə edib.

O, həmçinin bildirib ki, "bir çox ölkə" artıq Vaşinqtona kömək göstərməyə hazır olduqları barədə məlumat verib, lakin Tramp konkret ölkələrin adını çəkməyib.

Eyni zamanda, Tramp ABŞ-nin bəzi müttəfiqlərinin belə bir koalisiyada iştirak etmək üçün daha az həvəs göstərdiyini söyləyib.

Seçilən
108
far.az

1Mənbələr