AZ

“Abşeron” yatağının tammiqyaslı işlənməsinə hazırlıq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron qaz-kondensat yatağı üzrə növbəti böyük mərhələnin başlanmasına hazırlıq gedir. Layihə çərçivəsində tammiqyaslı işlənməyə keçid planlaşdırılır və ilk təbii qazın bu mərhələdən hasilatına 2029-cu il sentyabrın 1-də start verilməsi nəzərdə tutulur.

Proqnozlara görə, yatağın istismar müddəti təxminən üç onilliyi əhatə edəcək və bu dövr ərzində ölkənin enerji balansına mühüm töhfə verəcək. Layihənin operatoru olan “TotalEnergies” “Abşeron” yatağının tam işlənməsi mərhələsi üzrə Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi barədə sənəd hazırlayıb. Qiymətləndirmə Azərbaycan qanunvericiliyinin tələbləri, beynəlxalq konvensiyalar və neft-qaz sənayesində qəbul olunmuş qabaqcıl standartlar əsasında tərtib edilib, yataq üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına uyğun aparılıb.

Yeni mərhələ daha əvvəl həyata keçirilmiş erkən hasilat sxeminin davamı kimi qiymətləndirilir. Layihənin texniki planına əsasən, ilkin mərhələdə üç sualtı quyu qazılacaq, perspektivdə isə əlavə bir quyunun istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı, dənizin dibində müasir sualtı infrastruktur qurulacaq, həm dənizdə, həm də quruda boru kəmərləri çəkiləcək. Layihənin mühüm komponentlərindən biri də Səngəçal Terminalı yaxınlığında inşa ediləcək Mərkəzi Emal Obyekti olacaq.

Bu kompleks çıxarılan xam qazın və kondensatın emalını həyata keçirəcək. Emaldan sonra təbii qazın Cənubi Qafqaz Boru Kəməri vasitəsilə beynəlxalq enerji marşrutuna və Azərbaycanın daxili qaz sisteminə ötürülməsi planlaşdırılır. Stabilizasiya mərhələsindən keçməmiş kondensat isə emal üçün Səngəçal terminalına nəql olunacaq.

Ətraf mühit və sosial təsirlərlə bağlı hazırlanan hesabatda layihənin bütün mərhələləri – qazma işləri, tikinti prosesləri, sualtı quraşdırmalar, işə salma və istismar dövrü geniş şəkildə təhlil edilib. Araşdırmalar 2024–2025-ci illərdə dəniz və quru ərazilərində aparılmış ilkin ekoloji və sosial tədqiqatların nəticələrinə əsaslanır.

Qiymətləndirmənin nəticələri göstərir ki, layihənin reallaşdırılmasına ciddi maneə yarada biləcək böyük ekoloji və sosial risklər müəyyən olunmayıb. Orta səviyyəli risklər əsasən fövqəladə və nadir hallarla – məsələn, məşəldə qazın qeyri-müntəzəm yandırılması və ya təsadüfi karbohidrogen sızmaları ilə bağlı ehtimallarla əlaqələndirilir. Lakin bu kimi halların qarşısının texniki layihələndirmə, operativ nəzarət mexanizmləri və fövqəladə situasiyalara hazırlıq planları vasitəsilə alınacağı qeyd olunur.

Sənəddə vurğulanır ki, tətbiq olunacaq idarəetmə və azaldıcı tədbirlər nəticəsində mümkün təsirlərin böyük hissəsi minimal səviyyədə qalacaq. Bu təsirlər əsasən lokal xarakter daşıyacaq və qısamüddətli olacaq. Söhbət dəniz və quru ekosistemlərində müvəqqəti narahatlıq, hava emissiyaları, səs-küy və müəyyən tullantıların yaranması kimi amillərdən gedir.

Eyni zamanda, layihənin ölkə iqtisadiyyatı üçün müsbət nəticələr vəd etdiyi də diqqətə çatdırılır. Gözləntilərə görə, yeni mərhələ yerli məşğulluğun genişlənməsinə, milli şirkətlərin satınalma proseslərinə daha fəal cəlb olunmasına, peşəkar kadr potensialının inkişafına və Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək.

Layihənin hazırlanması mərhələsində ictimai iştirakçılıq mexanizmləri də tətbiq olunub. Bu çərçivədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, maraqlı tərəflərin rəyləri toplanıb və müvafiq sənədlər hazırlanıb.

Qeyd edək ki, Abşeron qaz-kondensat yatağı sahildən təxminən 100 kilometr cənub-şərq istiqamətində yerləşir və Xəzərin ən perspektivli enerji mənbələrindən biri hesab olunur. Yatağın ilk işlənmə mərhələsində hasilat 2023-cü ilin iyulunda başlanıb. Bu mərhələdə gündəlik hasilat 4 milyon kubmetr qaz və 13 min barel kondensat təşkil edir və əldə olunan qaz Azərbaycanın daxili bazarına yönəldilir.

Partnyor şirkətlər yatağın tammiqyaslı işlənməsi istiqamətində texniki layihələndirmə prosesinə 2025-ci ilin əvvəlində start veriblər. Yekun sərmayə qərarının isə 2026-cı il ərzində qəbul olunacağı gözlənilir. Planlara əsasən, tammiqyaslı işlənmə mərhələsində maksimum hasilat dövründə əlavə olaraq gündəlik 110 min barel neft ekvivalentində enerji resursunun əldə olunması mümkün olacaq.

İkinci mərhələdə gündəlik qaz hasilatının 12,7 milyon kubmetrə – yəni ildə təxminən 4,5 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bununla yanaşı, ilk dövrlərdə gündə 35 min barel kondensatın çıxarılması nəzərdə tutulur. Bu göstəricilər “Abşeron” yatağının Azərbaycanın enerji strategiyasında getdikcə daha mühüm rol oynayacağını göstərir.

XQ

Seçilən
71
xalqqazeti.az

1Mənbələr