Çində kənd sakini bişirmək üçün kəsdiyi ördəyin mədəsində qızıl hissəcikləri aşkar edib.
Musavat.com xəbər verir ki, aparılan ekspress-test nəticəsində tapılan 10 qramlıq sarı metalın həqiqi qızıl olduğu müəyyənləşib.
Məlumata görə, tapıntının bazar dəyəri təxminən 1,8 min dollar qiymətləndirilir. Bildirilir ki, quş Çenşuy çayı ətrafında sərbəst şəkildə böyüdülüb və həmin ərazi tarixən qızıl yataqları ilə tanınıb.
Ehtimala görə, ördək çay sahilində yem axtararkən qumla birlikdə qızıl hissəciklərini də udub. Quşun orqanizmi metalı həzm edə bilmədiyi üçün qızıl mədəsində qalıb.
Qeyd edilir ki, Çenşuy çayı 1970–1990-cı illərdə qeyri-rəsmi “qızıl axtarışı dalğası”nın mərkəzlərindən biri olub. Sonradan hakimiyyət bölgədə özəl qızıl hasilatını qadağan edib.
Çin qanunvericiliyinə əsasən, yerin təkindəki sərvətlər dövlətə məxsus sayılır. Buna baxmayaraq, ördəyin mədəsindən çıxan qızılın hüquqi statusunun necə müəyyən ediləcəyi hələ də mübahisə doğurur.
Musavat.com