Brüssel “Drujba” kəməri üzrə mövcud istisnanın ləğv olunmasını gündəmə gətirməyi planlaşdırır...
Avropa Komissiyası Macarıstan və Slovakiyaya Rusiyadan “Drujba” neft kəməri vasitəsilə neft idxal etməyə imkan verən istisnanın ləğvini təklif etməyə hazırlaşır.
Poliqon xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika üzrə komissarı Dan Yorgensen Aİ ölkələrinin energetika nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Yorgensen qeyd edib ki, hazırda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində Macarıstan və Slovakiya üçün müəyyən istisnalar mövcuddur. Lakin Avropa Komissiyası bu istisnanın dəyişdirilməsi və gələcəkdə ləğv olunması ilə bağlı yeni təklif təqdim etməyi planlaşdırır.
“Hazırda sanksiyalar qüvvədədir, lakin iki ölkə üçün istisnalar mövcuddur və biz bunun dəyişdirilməsi ilə bağlı təklif irəli sürəcəyik. Bütün ölkələr belə bir vəziyyətə hazırlaşmalıdır. Biz gələcəkdə Rusiya enerji resurslarını almaq istəmirik”, – deyə Dan Yorgensen bildirib.
Ekspertlərin fikrincə, bu təşəbbüs Avropa İttifaqının Rusiya enerji resurslarından asılılığını azaltmaq strategiyasının tərkib hissəsidir. Son illərdə Brüssel enerji təhlükəsizliyini gücləndirmək və alternativ enerji mənbələrinə keçidi sürətləndirmək məqsədilə bir sıra qərarlar qəbul edib.
Martın 7-də Serbiya prezidenti Aleksandar Vuçiç Avropa İttifaqını Rusiyadan neft idxalından imtina etməyin nəticələri barədə xəbərdar edib. Onun sözlərinə görə, Avropa ölkələri bu qərarın iqtisadi nəticələrinə görə “ən yüksək qiyməti” ödəyə bilərlər.
Bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də Avropa İttifaqının Rusiyadan neft və qaz idxalından imtina qərarını sərt tənqid edib. O bildirib ki, bu addım Avropada “tam enerji kollapsı və iqtisadi iflas dövrünün başlanğıcı” ola bilər.
Qeyd edək ki, Avropa İttifaqı yanvar ayında Rusiyadan qaz tədarükünün tam dayandırılması ilə bağlı qərarı rəsmi şəkildə təsdiqləyib. Qərara əsasən, Rusiya qazının Aİ ölkələrinə idxalı 1 yanvar 2027-ci ildən tam qadağan ediləcək. Eyni zamanda, Avropa Komissiyasının 2027-ci ilin sonuna qədər Rusiyadan neft idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı qanun layihəsi təqdim etməsi də planlaşdırılır.
Poliqon.info