AZ

İran BƏƏ və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

Tehran ABŞ qüvvələrinin yerləşdiyi hərbi obyektlərdə qırıcı təyyarələrin saxlandığı anqarların məhv edildiyini iddia edir...

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi aviabazalarına zərbələr endirildiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə SEPAH-a yaxın Tasnim Agentliyi məlumat yayıb.

Məlumata görə, İranın hərbi-dəniz qüvvələri BƏƏ-də yerləşən Əl-Dafra aviabazasını və Bəhreyndəki Şeyx-İsa aviabazasını hədəfə alıb. SEPAH-ın iddiasına əsasən, həyata keçirilən hücum nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin yerləşdirildiyi bir sıra anqarlar məhv edilib.

SEPAH-ın açıqlamasında bildirilir ki, əməliyyat kombinə edilmiş raket və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Hücum zamanı yüksək partlayıcı başlıqlarla təchiz olunmuş qanadlı raketlərdən istifadə edildiyi qeyd olunur.

“SEPAH-ın hərbi-dəniz qüvvələri kombinə edilmiş raket və pilotsuz aparat əməliyyatı zamanı ABŞ qırıcı təyyarələrinin yerləşdirildiyi bir sıra anqarları fuqas tipli qanadlı raketlərlə məhv edib”, deyə qurumun bəyanatında bildirilib.

SEPAH eyni zamanda bəyan edib ki, ABŞ qüvvələri Yaxın Şərqdən tam çıxarılana qədər regiondakı Amerika hərbi bazalarına qarşı hücumlar davam etdiriləcək.

Bundan bir gün əvvəl SEPAH İran silahlı qüvvələrinin son bir neçə gün ərzində Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarındakı radar və digər strateji obyektlərin 80 faizindən çoxunu sıradan çıxardığını iddia edib. Qurumun məlumatına görə, martın 15-i səhər saatlarında İran silahlı qüvvələri pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə BƏƏ-dəki Əl-Dafra, Küveytdə yerləşən Əl-Udeyri və Əli əs-Səlim, eləcə də Bəhreyndəki Şeyx-İsa aviabazalarında uçuşların idarə olunması qüllələrini və texniki avadanlıq anbarlarını hədəfə alıb.

Poliqon.info

Seçilən
100
poliqon.info

1Mənbələr