Ə.Əliyev qeyd edib ki, artıq Kənd Təsərrüfatı Nazirliyinin Su Hövzələri Təhlükəsizliyi İdarəsi ilə birlikdə Azərbaycan Balıqçılar İttifaqı da reydlərdə iştirak edir və həm fiziki olaraq canlı qüvvə ilə, həm də monitorinqlərlə bu prosesə dəstək verir. Ümumilikdə ittifaqın Azərbaycanın müxtəlif bölgələrində 50 mindən artıq üzvü və nümayəndəliyi fəaliyyət göstərir:"Bundan əlavə, biz balıq ehtiyatlarının artırılması istiqamətində də fəaliyyət göstəririk. Müxtəlif layihələr çərçivəsində su hövzələrinə balıq buraxılır və həm daxili su hövzələrində, həm də Xəzər dənizində balıqartırma tədbirləri həyata keçirilir. Azərbaycanın iqlim və hava şəraiti də bu sahə üçün kifayət qədər əlverişlidir. Digər ölkələrlə, məsələn, Rusiya və Norveç kimi ölkələrlə müqayisədə Azərbaycanda qışlar daha mülayim keçir və su hövzələri tam donmur. Bu isə balıqçılığın inkişafı və balıq ehtiyatlarının bərpası üçün yaxşı imkan yaradır. Buna görə də hesab edirəm ki, dövlət qurumları və qeyri-hökumət təşkilatları birlikdə fəaliyyət göstərsə, yaxın illərdə su hövzələrimizdə balıq ehtiyatlarının bərpasına nail olmaq mümkündür. Azərbaycanın təbii şəraiti imkan verir ki, düzgün nəzarət və tənzimləmə ilə bu problemin qarşısı qısa müddətdə alınsın".Mütəxəssis hazırda yaz mövsümündə, xüsusilə Novruz bayramı ərəfəsində balığa artan tələbatdan da bəhs edib:"Azərbaycanda, xüsusilə cənub bölgəsində mart ayı ərzində balıq süfrələrin əsas qidalarından biri olur. Buna görə də bu dövrdə balıq qiymətlərində artım müşahidə oluna bilər. Eyni zamanda Araz və Kür çaylarında iri balıqların azalması da bu vəziyyətə təsir göstərir. Su hövzələrimizin qorunması çox vacibdir. Hesab edirəm ki, balıq ehtiyatlarının qorunması və nəzarəti daha effektiv olması üçün bu sahəyə məsuliyyət daşıyan qurumların fəaliyyəti daha koordinasiyalı şəkildə təşkil olunmalıdır. İnanıram ki, dövlət qurumları və Azərbaycan Balıqçılar İttifaqının əməkdaşlığı nəticəsində yaxın gələcəkdə su hövzələrimizdə balıq ehtiyatlarının artmasına nail olunacaq".
Sevinc İbrahimzadə / Metbuat.az