AZ

Müəllimlərin işi ilə bağlı yeniliklər olacaq AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

2027–2030-cu illərdə Azərbaycanda müəllimlərin məşğulluq modeli dəyişəcək. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, saat hesabı və yarımştat dərs yükü əvəzinə istəyən müəllimlər üçün daimi, tam-ştatlı iş yerləri yaradılacaq. Bu sistemə keçən müəllimlər rəqabətli və daha yüksək əməkhaqqı alacaqlar. Onların həftəlik dərs yükü 18-24 saat olacaq, qalan iş vaxtı isə valideynlərlə görüşlərə, şagirdlərlə işə və digər təhsil fəaliyyətlərinə sərf ediləcək. Yeni ştatlara yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlər qəbul olunacaq.Bu barədə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlama verib.O bildirib ki, hazırda yeni modelin mahiyyəti, tətbiq mexanizmi və gözlənilən nəticələri barədə geniş məlumat mövcud deyil. “Təhsil kimi strateji sahədə fundamental dəyişikliklərin eksperiment xarakterli olmaması vacibdir. Bu cür qərarlar geniş araşdırmalara, təhlillərə, statistik hesablamalara və beynəlxalq təcrübənin öyrənilməsinə əsaslanmalıdır. Müəllimlərin məşğulluq modelinin dəyişdirilməsi ciddi və sistemli bir islahatdır. Bu dəyişikliklərin hansı tədqiqatlara əsaslandığı, təhsilin keyfiyyətinə necə təsir edəcəyi, hansı üstünlüklər və ya risklər yaradacağı barədə ictimaiyyətə açıq məlumat verilməyib. Eyni zamanda, bu modelin tətbiqi üçün zəruri infrastrukturun və qiymətləndirmə mexanizmlərinin hazır olub-olmaması da sual doğurur. Qərarların qəbulunda təhsil ictimaiyyətinin, müəllimlərin, ekspertlərin və mütəxəssislərin rəylərinin öyrənilməsi vacibdir. Belə görünür ki, geniş ictimai müzakirə keçirilməyib və ya keçirilibsə belə, bu barədə açıq informasiya paylaşılmayıb. Nəticədə müəllimlər arasında narahatlıq və bəzən aqressiv reaksiyalar müşahidə olunur. Elm və Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən əsas icra orqanıdır və fəaliyyətində şəffaflıq mühüm prinsip olmalıdır. Fundamental dəyişikliklər zamanı məqsədlər, gözləntilər, mümkün risklər və proqnozlaşdırılan nəticələr ictimaiyyətə aydın şəkildə təqdim edilməlidir. Xüsusilə də birbaşa müəllimlərin fəaliyyətinə təsir edən qərarlarda onların prosesə cəlb olunması həm legitimlik, həm də effektivlik baxımından əhəmiyyətlidir”.O deyib ki, müəllimlər cəmiyyətin intellektual təbəqəsidir və ölkənin gələcək inkişafında mühüm rol oynayırlar:“Onlarla bağlı qərarların onların iştirakı və məlumatlılığı olmadan qəbul edilməsi etimad mühitinə mənfi təsir göstərə bilər. Təhsil sistemində islahatlar yalnız əsaslandırılmış, ölçülə bilən və uzunmüddətli perspektivə hesablanmış yanaşma əsasında həyata keçirilməlidir. Ümumilikdə məqsəd aydındır. Təhsil sisteminin keyfiyyətinin artırılması və cəmiyyətin inkişafına töhfə verən, rəqabətqabiliyyətli modelin formalaşdırılması. Lakin bu məqsədə çatmaq üçün qərarvermə prosesində şəffaflıq, ictimai iştirakçılıq və elmi əsaslandırma əsas prinsip kimi qorunmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
demokrat.az

1Mənbələr