Kabilin bir neçə rayonunda güclü partlayışlar qeydə alınıb, hədəflər arasında “Taliban”ın silah anbarlarının olduğu iddia olunur...
Poliqon xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Pakistan Silahlı Qüvvələri Əfqanıstan ərazisinə genişmiqyaslı hava zərbələri endirib. Bildirilir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr paytaxt Kabilin mərkəzi və ətraf rayonlarında bir sıra obyektləri hədəfə alıb.
Məlumatlara əsasən, zərbələr Kabilin Darulaman, Arzan Kimat və Xayrxana rayonlarında, həmçinin Kabil beynəlxalq hava limanının yaxınlığında qeydə alınıb. Hücum zamanı şəhərin müxtəlif hissələrində güclü partlayış səsləri eşidilib, bəzi ərazilərdə isə intensiv atışma səslərinin gəldiyi bildirilir.
Əfqanıstan Müdafiə Nazirliyi də ölkə ərazisinə hava zərbələri endirildiyini təsdiqləyib. İlkin məlumatlara görə, hücumların əsas hədəflərindən biri Müdafiə Nazirliyinin binası yaxınlığında yerləşən və “Taliban” hərəkatına məxsus olduğu ehtimal edilən silah və sursat anbarları olub.
Kabil sakinlərinin sözlərinə görə, son hücumların intensivliyi Pakistan və Əfqanıstan arasında gərginliyin kəskinləşdiyi dövrdən bəri ən yüksək səviyyədə olub. Şahidlər partlayışların şəhərin müxtəlif hissələrində hiss olunduğunu və bir sıra ərazilərdə güclü zərbə dalğasının müşahidə edildiyini bildiriblər.
Bundan əlavə, bəzi zərbələrin Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətinə də endirildiyi qeyd olunur. Yerli jurnalistlərin məlumatına görə, partlayışların gücü o qədər böyük olub ki, zərbə dalğası Pakistanla sərhədə yaxın ərazilərdə də hiss edilib.
Qeyri-rəsmi məlumatlara əsasən, əməliyyat zamanı yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik idarəolunan aviabombalardan istifadə oluna bilər. Lakin bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Hazırda hücumların nəticələri, mümkün itkilər və dağıntıların miqyası ilə bağlı dəqiq məlumatlar açıqlanmayıb. Regionda təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bildirilir.
Poliqon.info