AZ

İspaniya kralı Amerikanın fəthi zamanı baş verən zorakılıqlardan danışıb

VI Filip tarixi hadisələrin müasir dəyərlər prizmasından qiymətləndirilməsinin vacibliyini vurğulayıb...

İspaniya kralı VI Filip Amerikanın fəthi dövründə ciddi sui-istifadə halları baş verdiyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə El País qəzeti məlumat yayıb. Monarx bu fikirləri Madrid şəhərində yerləşən Madrid Milli Arxeologiya Muzeyində Meksika hakimiyyəti ilə birgə təşkil olunan sərgiyə baxış zamanı səsləndirib.

Kralın sözlərinə görə, tarixdə baş verən bəzi hadisələr bugünkü dəyərlər sistemi ilə qiymətləndirildikdə qürur doğurmaya bilər. Bununla belə, o qeyd edib ki, həmin hadisələri düzgün tarixi kontekstdə anlamaq vacibdir.

“Bəzi məqamlar var ki, onları öyrənərkən və bugünkü dəyərlərimizi nəzərə alarkən qürur hissi keçirmək mümkün deyil. Lakin biz onları düzgün tarixi kontekstdə başa düşməliyik”, deyə VI Filip bildirib.

İspaniya kralı əlavə edib ki, tarixdən nəticə çıxarmaq və keçmişdən dərs götürmək vacibdir. Onun sözlərinə görə, bu cür müzakirələr tarixi hadisələrin daha obyektiv qiymətləndirilməsinə və gələcəkdə oxşar səhvlərin təkrarlanmamasına xidmət edir.

Mövzu xüsusilə Meksika ilə İspaniya arasında bir neçə ildir davam edən tarixi mübahisələr fonunda yenidən diqqət mərkəzinə gəlib. Belə ki, 2019-cu ildə Meksikanın o zamankı prezidenti Andrés Manuel Lópes Obrador İspaniya kralına məktub göndərərək müasir Meksika ərazisinin fəthi zamanı baş vermiş hüquq pozuntularına görə rəsmi üzr istəməyə çağırmışdı.

Meksika hakimiyyəti hesab edirdi ki, təxminən 500 il əvvəl baş vermiş hadisələr zamanı yerli xalqlara qarşı törədilən zorakılıq və digər pozuntular rəsmi şəkildə tanınmalıdır. Lakin həmin vaxt İspaniya hökuməti bu tələbi qəbul etməyərək, bu məsələyə görə üzr istəmək planlarının olmadığını bəyan etmişdi.

Tarixçilərin fikrincə, Amerikanın fəthi XVI əsrdə İspaniya imperiyasının genişlənməsi ilə nəticələnsə də, bu proses yerli xalqların kütləvi şəkildə məhv edilməsi, mədəniyyətlərinin zəiflədilməsi və sosial-iqtisadi dəyişikliklərlə müşayiət olunmuşdu. Məhz bu səbəbdən həmin dövrün irsi bu gün də bir sıra ölkələrdə siyasi və ictimai müzakirələrin mövzusu olaraq qalır.

Poliqon.info

Seçilən
71
poliqon.info

1Mənbələr